Bakı.Trend:
Skolkovo Elm və Texnologiya İnstitutunun alimləri belə nəticəyə gəliblər ki, tibb gələcəkdə qocalma proseslərinin əksəriyyətini tam dayandıra bilsə belə, insan ömrünün bioloji həddi mövcuddur. Onların hesablamalarına görə, insanlar nəzəri olaraq orta hesabla 146-194 il yaşaya bilərlər.
Bu barədə məqalə "Daily Mail " nəşrində dərc olunub.
Tədqiqat somatik mutasiyalara – həyat boyu hüceyrələrdə tədricən toplanan DNT-də təsadüfi dəyişikliklərə həsr olunub. Normalda orqanizm bu cür səhvləri aradan qaldırır, lakin zaman keçdikcə onların bir hissəsi qalır. Mutasiyaların yığılması toxuma və orqanların fəaliyyətini zəiflədir və nəticədə ölümə səbəb olan amillərdən birinə çevrilir.
Tədqiqat müəllifləri qocalmanın yeganə səbəbi kimi məhz somatik mutasiyaları əsas götürən riyazi model hazırlayıblar. Hesablamalar göstərib ki, hüceyrələrin bərpa qabiliyyətinin azalması kimi yaşla bağlı digər dəyişikliklər tam aradan qaldırılsa belə, DNT-də toplanan zədələnmələr yenə də insan ömrünün maksimum müddətini məhdudlaşdıracaq.
Bununla yanaşı, tədqiqatçılar vurğulayırlar ki, söhbət gələcəyə dair proqnozdan deyil, nəzəri həddən gedir. Onların sözlərinə görə, əldə olunan nəticələr ömrün uzadılması üçün effektiv üsulların hazırlanması baxımından qocalma mexanizmlərinin hansılarının daha vacib olduğunu müəyyənləşdirməyə kömək edir.
Alimlər həmçinin qeyd ediblər ki, müxtəlif toxumalar fərqli sürətlə qocalır. Məsələn, dəri və qaraciyər hüceyrələri daim yenilənir, ürək və beyin hüceyrələri isə demək olar ki, əvəz olunmur. Buna görə də həmin hüceyrələrdə mutasiyalar daha sürətlə toplanır.
