Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunun artırılması yüksək tələbatın göstəricisidir – Ekspert

Gündəm Materials 24 İyul 2026 19:14 (UTC +04:00)
Bakı–Tbilisi–Bakı qatarlarında sərnişin tutumunun artırılması yüksək tələbatın göstəricisidir – Ekspert
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bakı–Tbilisi–Bakı beynəlxalq dəmir yolu marşrutu üzrə sərnişin tutumunun artırılması marşruta marağın və sərnişin axınının dinamikası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Qatarların tərkibinə əlavə vaqonların qoşulması, daşınan sərnişinlərin sayındakı artım və gələcək genişləndirmə planları bu istiqamətin inkişaf perspektivlərini aktuallaşdırır.

Mövzu ilə əlaqədar nəqliyyat eksperti Elməddin Muradlı Trend-ə açıqlamasında bildirib ki, Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumunun artırılması yüksək tələbatın nəticəsidir və bu qərar müsbət qiymətləndirilməlidir.

“Azərbaycan Dəmir Yolları tərəfindən bu addımlar sərnişin tələbatı artdıqda atılır. Ehtiyac yarandıqda qatarların sayı artırılır. Daha əvvəl də belə bir addım atılmışdı. İndi isə tələbat yenidən yüksəldiyi üçün növbəti qərarın qəbul edilməsi normaldır və alqışlanmalıdır. Çünki marşruta maraq həqiqətən yüksəkdir”, – deyə ekspert bildirib.

O qeyd edib ki, bəzi səbəblərə görə insanlar daha ucuz və daha komfortlu şəkildə xaricə gedə bilmirdilər:

“İndi belə bir imkan yaranıb və insanlar bundan istifadə edirlər. Yay mövsümü hələ davam edir. Avqust ayı qarşıdadır, daha sonra isə sentyabrın ortalarınadək səfərlərin intensivliyi yüksək olacaq. Bu baxımdan Dəmir Yolları tərəfindən tutumun artırılması vaxtında verilmiş qərardır”, – deyə E.Muradlı qeyd edib.

Ekspert vurğulayıb ki, Bakı–Tbilisi–Bakı marşrutu nisbətən yeni fəaliyyət göstərməsinə baxmayaraq, sərnişin tələbatına uyğun şəkildə mərhələli inkişaf etdirilir.

“Bu marşrutun fəaliyyətini bərpa etməsi hələ uzun müddət deyil. İlkin mərhələdə xəttə buraxılan qatarların sayı ilə indiki vəziyyəti müqayisə etdikdə artımın aydın şəkildə göründüyünü müşahidə edirik. İndi isə əlavə yeddi vaqonun istismara verilməsi də müsbət qiymətləndirilməlidir. Bütün bu addımlar mövcud şəraitə və real tələbat səviyyəsinə uyğun şəkildə atılır. Belə qərarların qəbul edilməsi və icra mexanizminin qurulması birdən-birə mümkün olmur”, – deyə o bildirib.

Elməddin Muradlı əlavə edib ki, yay mövsümü başa çatdıqdan sonra sərnişin axınının azalacağı təqdirdə qatarların tərkibinin yenidən optimallaşdırılması mümkündür.

“Payız aylarında sərnişin sayı azalarsa, qatarların sayının və ya vaqonların azaldılması tam real variantdır. Çünki boş qatarın marşrut üzrə hərəkəti iqtisadi baxımdan səmərəli deyil. Sərnişin axını azaldıqda daşımanın həcmi də real tələbat əsasında tənzimlənə bilər”, – deyə ekspert əlavə edib.

Qeyd edək ki, Bakı–Tbilisi–Bakı beynəlxalq marşrutu üzrə qatarların sərnişin tutumu təqribən 120 faiz artırılıb. Marşrut üzrə qatarların tərkibinə mərhələli şəkildə 2 komfort və 5 standart+ sinif vaqon əlavə olunub. Bununla da vaqon-restoran nəzərə alınmadan sərnişin vaqonlarının sayı 6-dan 13-ə, sərnişin tutumu isə 178 yerdən 386 yerə çatdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti