Bakı.Trend:
Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) uğrunda rəqabət Avropanın qış mövsümünə hazırlığını təhlükə altına qoyur. Hörmüz boğazında ticarət gəmilərinin o cümlədən tankerlərin hərəkətinin çətinləşməsi fonunda Avropa qaz ehtiyatlarını əvvəlki illərlə müqayisədə daha ləng toplayır, Asiya ölkələri isə bazarda mövcud olan LNG yüklərini sürətlə alır.
Bu barədə Bloomberg yazır.
Nəşrin məlumatına görə, uzunmüddətli tədarük pozuntularının iqtisadi nəticələri ciddi ola bilər. “Baringa Partners” konsaltinq şirkətinin qiymətləndirməsinə əsasən, qaz və elektrik enerjisinin bahalaşması ilin sonuna doğru Böyük Britaniya və Avropa iqtisadiyyatının zəifləməsinə səbəb ola bilər.
Bloomberg qeyd edir ki, Avropa hökumətləri və enerji şirkətləri ötən qışı 2022-ci ildən bəri ən aşağı səviyyəyə enmiş ehtiyatlarla başa vursalar da, Hörmüz boğazı yenidən açıldıqdan sonra anbarları doldurmağı planlaşdırdıqları üçün alışları təxirə salmışdılar.
Agentlik xatırladır ki, fevralın sonunda İran ətrafında müharibənin başlamasından sonra qazın qiyməti kəskin artmışdı. Həmin vaxt treyderlər diplomatik həllə ümid edir və dünya LNG tədarükünün təxminən beşdə birinin keçdiyi Hörmüz boğazı vasitəsilə daşımaların bərpa olunacağını gözləyirdilər.
Lakin təxminən beş ay sonra bu gözləntilər riskli görünür. Yaxın Şərqdə döyüşlər yenidən şiddətlənib, qaz qiymətləri münaqişənin əvvəlindən bəri ən yüksək səviyyələrə yaxınlaşıb.
