CENTCOM rəhbəri İrana qarşı zərbə kampaniyasının dayandırılmasını tövsiyə edib - Axios

Dünya xəbərləri Materials 27 İyul 2026 02:30 (UTC +04:00)

Bakı. Trend:

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Pentaqon və Ağ Evə Hörmüz boğazı bölgəsində İrana qarşı həyata keçirilən hərbi əməliyyatların dayandırılmasını tövsiyə edib. Onun fikrincə, kampaniya qarşıya qoyulan məqsədlərin böyük hissəsinə nail olub və əlavə zərbələrin effektivliyi artıq məhduddur.

Bu barədə "Axios" portalının jurnalisti Barak Ravid məsələ ilə tanış olan iki mənbəyə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Kuperin qiymətləndirməsi, eləcə də digər yüksəkvəzifəli müşavirlərin əməliyyatın imkanlarının tükənməsi ilə bağlı rəyləri ABŞ Prezidenti Donald Trampın İrana qarşı zərbələrin dayandırılması barədə qərarına təsir göstərib.

Bir gün əvvəl Donald Tramp hərbçilərə atəşin dayandırılması, həmçinin İranın cənub sahillərində və Hörmüz boğazı ətrafındakı obyektlərə yeni hücumların həyata keçirilməməsi barədə göstəriş verib. Bu qərar yüksəkvəzifəli hərbi və siyasi rəsmilərlə keçirilən müşavirədən sonra qəbul olunub.

Məlumata görə, müşavirədən əvvəlki günlərdə Tramp İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasına daha çox meyilli idi. Lakin sonradan onun mövqeyi dəyişib.

Admiral Kuper daha əvvəl Pentaqona, Qərargah Rəisləri Komitəsinin sədrinə və Ağ Evə təqdim etdiyi qiymətləndirmədə qeyd edib ki, iki həftə davam edən zərbələr İranın gəmilərə hücum imkanlarını ciddi şəkildə zəiflədib. Onun sözlərinə görə, Hörmüz boğazı bölgəsində müəyyən edilmiş əsas hədəflərin əksəriyyəti artıq məhv edilib.

Kuper bildirib ki, növbəti mərhələdə ABŞ "Epik Qəzəb" əməliyyatı zamanı toxunulmamış hədəflərin təxminən 20 faizinə qarşı yeni genişmiqyaslı əməliyyata başlaya bilərdi. Bununla belə, o vurğulayıb ki, əgər məqsəd eskalasiyanın qarşısını almaqdırsa, zərbələrin davam etdirilməsi məqsədəuyğun deyil.

Qərargah Rəisləri Komitəsinin sədri general Den Keyn də müdafiə naziri Pit Heqset və Prezident Trampa hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan ələkeçirici raket ehtiyatlarının azala biləcəyi barədə xəbərdarlıq edib. Onun fikrincə, bu vəziyyət regiondakı ABŞ qüvvələrinin və müttəfiqlərinin müdafiə imkanlarına mənfi təsir göstərə bilər.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts isə "NBC" telekanalına müsahibəsində bildirib ki, Donald Tramp bütün mümkün variantları gündəmdə saxlayır, eyni zamanda İranla diplomatik dialoq üçün imkanları da açıq qoyur. Onun sözlərinə görə, Vaşinqton və Tehran arasında təmaslar müxtəlif səviyyələrdə davam edir.

Xəbər lenti

Xəbər lenti