Bakı. Trend:
Şotlandiyanın ən böyük şəhəri olan Qlazqoda miqrasiya əleyhdarları ilə antirasist fəallar arasında baş verən toqquşmalar nəticəsində 15 nəfər saxlanılıb. Bu barədə polis məlumat yayıb.
Qlazqo son dövrlərdə mütəmadi olaraq miqrasiya və miqrant əleyhinə aksiyalara səhnə olur. Bu aksiyalar əsasən Unite the Clans kimi identitar qruplar tərəfindən təşkil edilir. Şənbə günü keçirilən mitinqə də məhz həmin qrup çağırış edib.
Günün ortalarında Glasgow Green parkında və ətraf ərazilərdə onlarla miqrasiya əleyhdarı nümayişçi ilə antirasist əks-aksiya iştirakçıları arasında toqquşmalar baş verib. Polis tərəfləri ayırmaq üçün müdaxilə edib və bunu “genişmiqyaslı əməliyyat” kimi qiymətləndirib.
“Qlazqonun mərkəzinin bir neçə hissəsində baş verən iğtişaşlara müdaxilə edirik”, – deyə polis X sosial şəbəkəsində bildirib.
Məlumata görə, 15 nəfər, o cümlədən hücum məqsədilə istifadə oluna biləcək silahların saxlanılması və ictimai asayişin pozulması ittihamları ilə saxlanılıb.
Britaniya KİV-lərinin yayımladığı görüntülərdə atlı polislərin üzlərini örtmüş və qara geyimli şəxsləri nəzarətdə saxlamağa çalışdığı, dəyənəklərlə silahlanmış digər polis əməkdaşlarının isə nümayişçiləri şəhər mərkəzindən sıxışdırdığı əks olunub. Polis bildirib ki, etirazçıların bir hissəsi şəhər mərkəzində yeni iğtişaşlar törədib.
Bu ayın əvvəlində də şəhərin digər rayonlarında etiraz aksiyaları keçirilmişdi. Buna səbəb internetdə zorakılıq hadisələrində şübhəli bilinən iki nəfərin kimliyi və yaşadığı ünvan barədə məlumatların yayılması olmuşdu.
Bundan əlavə, keçmiş qocalar evinin sığınacaq axtaran şəxslərin yerləşdirilməsi üçün istifadə ediləcəyi barədə əsassız şayiənin yayılması da analoji aksiyalara səbəb olmuşdu.
Polis və bir sıra siyasətçilər sosial şəbəkələrdə yayılan dezinformasiyanın təhlükəsi barədə dəfələrlə xəbərdarlıq ediblər.
