Bakı. Trend:
İndoneziyada korrupsiyaya qarşı mübarizə üzrə sabiq baş prokuror Febri Adriansia çirkli pulların yuyulmasında ittiham olunaraq saxlanılıb. Hakimiyyət orqanları onun evində və digər mülklərində aparılan axtarışlar zamanı müxtəlif valyutalarda 19 milyon ABŞ dolları və dəyəri milyonlarla dollar olan 74 kiloqramdan çox qızıl külçəsi aşkar edərək müsadirə edib.
Bu barədə cümə günü Baş Prokurorluğun nəzarət məsələləri üzrə müavini Rudi Marqono jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, Febri Adriansia korrupsiyaya qarşı mübarizə üzrə baş prokuror vəzifəsində çalışdığı dövrdə çirkli pulların yuyulmasında iştirak etməkdə şübhəli bilinir.
Febri Adriansiya iyulun 11-də, dörd ildən artıq müddət bu vəzifədə çalışdıqdan sonra, Cakartanın kənarında yerləşən evi də daxil olmaqla bir neçə mülkdə aparılan axtarışlardan sonra vəzifəsindən ayrılıb.
Sabiq prokuror Cakartada saatlarla davam edən dindirilmədən sonra ittihamları rədd edib və yerli televiziya kanalına açıqlamasında özünün “cinayətkar kimi qələmə verildiyini” bildirib.
Febri Adriansyah barəsində istintaq əvvəlcə polis tərəfindən başlanılıb, daha sonra isə iş onun vaxtilə rəhbərlik etdiyi qurumun korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış əməkdaşlarına həvalə olunub.
Cənub-Şərqi Asiyanın ən böyük iqtisadiyyatına malik olan İndoneziya uzun illərdir korrupsiya ilə mübarizə aparır. Son illərdə ölkədə çoxsaylı yüksəkvəzifəli məmurlar korrupsiya ittihamları ilə saxlanılıb.
