Berlində avtomobil izdihamın üzərinə sürülüb: 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb

Dünya xəbərləri Materials 26 İyul 2026 05:28 (UTC +04:00)
Berlində avtomobil izdihamın üzərinə sürülüb: 1 nəfər ölüb, 16 nəfər xəsarət alıb
Vüsal Cəfərov
Vüsal Cəfərov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın paytaxtı Berlində şəhərin mərkəzində yerləşən Tierqarten parkı yaxınlığında avtomobilin insanların üzərinə sürülməsi nəticəsində bir nəfər həlak olub, 10-dan çox insan xəsarət alıb, onlardan bəzilərinin vəziyyəti ağırdır. Hadisə yerində Berlin yanğın-xilasetmə xidmətinin 150-dən çox əməkdaşı çalışır.

Hadisə yerli vaxtla saat 22:00 radələrində Tierqarten parkı ərazisində, Potsdam meydanı yaxınlığında baş verib. Kiçik ağ rəngli furqonun sürücüsü bir neçə nəfəri vurduqdan sonra ağaca çırpılıb, daha sonra avtomobili tərk edərək naməlum istiqamətdə qaçıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə ağaca çırpılmış ağ mikroavtobus görünür.

Hadisə nəticəsində ən azı bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Berlinin hakim meri Kay Veqner baş verənləri “azad və açıq cəmiyyətə qarşı hücum” adlandırıb.

Hüquq-mühafizə orqanları xəbər verib ki, polis avtomobili insanların üzərinə sürməkdə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib və onun islamçı mühitlə əlaqəli olduğu bildirilir.

Polis nümayəndəsi Florian Nat qeyd edib ki, şübhəli əvvəllər də hüquq-mühafizə orqanlarının diqqət mərkəzində olub və Berlinin islamçı çevrələri ilə əlaqələndirilir. Onun axtarışları davam edir.

Bild qəzetinin məlumatına görə, söhbət 21 yaşlı Abdul B. adlı şəxsdən gedir.

“Bu şəxsə qarşı ilkin ciddi şübhələr mövcuddur. Biz onu axtarırıq, lakin hələlik saxlamaq mümkün olmayıb”, – deyə polis nümayəndəsi bildirib.

O əlavə edib ki, istintaqın maraqları naminə hazırda əlavə məlumat verilmir.

Polisin məlumatına görə, hadisə ilə əlaqədar şəhərdə bir neçə əməliyyat tədbiri həyata keçirilir. Onların arasında Şöneberq rayonundakı mənzillərdən birində aparılan axtarış da var. Lakin Florian Natın DPA agentliyinə bildirdiyinə görə, mənzildə heç kim olmadığından saxlanılan olmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti