Bakı. Trend:
Maltanın Biennalesində dünya şöhrətli fotoqraf Reza Deqatinin Xocalı soyqırımına həsr olunmuş fotosərgisi təqdim edilib.
“Avropa və Amerikada keçirilən sərgilər, konfranslar, müsahibələr və görüşlərlə zəngin mövsümdən sonra yenidən Azərbaycana qayıtmaq mənim üçün böyük sevincdir. Bu tədbirlərin hər biri Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində atılmış növbəti mühüm addım olub. Bu yol isə həmişə olduğu kimi asan keçməyib. Qarşılaşdığım çətinliklər barədə sizə mütləq daha sonra danışacağam”, – deyə Deqati bildirib.
Onun sözlərinə görə, dünya incəsənətini təmsil edən 400-dən çox iştirakçının qatıldığı Malta Biennalesində, Vallettanın tarixi mərkəzində təşkil olunan genişmiqyaslı fotosərgi ilə çıxış etmək onun üçün böyük şərəf olub.
“Mənim üçün xüsusi qürurverici məqam sərgimi Malta Respublikasının Prezidenti Miriam Spiteri Debononun şəxsən ziyarət etməsi oldu. Tədbirdə həmçinin Biennalenin direktoru, Malta İncəsənət Şurasının rəhbəri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər”, – deyə fotoqraf bildirib.
Deqati vurğulayıb ki, Xocalı həqiqətlərini belə nüfuzlu beynəlxalq platformada təqdim etmək və bu mövzuya göstərilən böyük ehtiramı görmək onun həyatının ən yaddaqalan hadisələrindən biri olub.
“Xocalı həqiqətlərini bu qədər önəmli bir məkanda təqdim etmək
və bu mövzuya göstərilən yüksək hörməti görmək həyatımın ən
unudulmaz və qürurverici anlarından biridir”, – deyə o əlavə
edib.
