“Şamaxı Toplantısı” və Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına verdiyi mühüm töhfələr

Siyasət Materials 27 İyul 2026 10:23 (UTC +04:00)
“Şamaxı Toplantısı” və Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına verdiyi mühüm töhfələr

Bakı. Trend:

“Şamaxı Toplantısı”nın əhəmiyyəti

Azərbaycan COP29 Sədrliyindən sonra da beynəlxalq iqlim diplomatiyasında fəal rolunu uğurla davam etdirir. Artıq üçüncü ildir təşkil olunan, dayanıqlı beynəlxalq platformaya çevrilib və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində danışıqlar qruplarının sədrlərini, eləcə də bir sıra Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbər iqlim danışıqçılarını bir araya gətirən “Şamaxı Toplantısı” bunun bariz nümunəsidir. Toplantı iqlim danışıqlarının mühüm qeyri-rəsmi platformalarından biri kimi COP prosesinə mühüm töhfə verməkdə davam edir.

Şamaxı Toplantısı iqlim dəyişikliyi sahəsində il ərzində keçirilən nüfuzlu beynəlxalq tədbirlər sırasında özünəməxsus yer tutmağa başlayıb. Ənənəvi olaraq illik iqlim diplomatiyası təqvimi Tokioda baş iqlim danışıqçılarının iştirakı ilə keçirilən “Yaponiya-Braziliya Dialoqu” ilə başlayır. Ardınca aprel-may aylarında nazirlər səviyyəsində təşkil olunan “Petersberq İqlim Dialoqu” (Berlin) və “Kopenhagen Nazirlər Görüşü” keçirilir. İyun ayında isə Bonnda UNFCCC-nin Yardımçı Orqanlarının yay sessiyaları baş tutur. Bonn Konfransından dərhal sonra isə adətən Avropa İttifaqı, Çin və Kanadanın birgə təşkil etdiyi “İqlim Fəaliyyəti üzrə Nazirlər Toplantısı” (MOCA) keçirilir.

Bu kontekstdə artıq üçüncü ildir keçirilən Şamaxı Toplantısı Bonn sessiyası ilə Pre-COP arasındakı dövrdə iqlim danışıqları təqvimində yaranan boşluğu dolduran mühüm platforma kimi formalaşıb. Toplantının Yardımçı Orqanların yay sessiyasının bitməsində təxminən bir ay sonra keçirilməsi Bonnda əldə olunmuş nəticələrin irəli aparılmasına, mövcud fikir ayrılıqlarının konstruktiv və səmimi dialoq vasitəsilə yaxınlaşdırılmasına və tərəflər arasında etimadın möhkəmləndirilməsinə mühüm töhfə verir. Toplantının qeyri-rəsmi formatda və açıq müzakirə mühitində təşkili iştirakçı dövlətlərə mövqelərini daha sərbəst ifadə etmək, qarşılıqlı anlayışı gücləndirmək və mümkün kompromis istiqamətlərini müəyyənləşdirmək imkanı yaradır.

Cari il keçirilən “Şamaxı Toplantısı”

Cari ildə “Şamaxı Toplantısı” 22–23 iyul tarixlərində COP31 Sədrliyi (Türkiyə və Avstraliya) ilə əməkdaşlıq çərçivəsində keçirilib.

Tədbirdə COP31 Sədrliyi (Türkiyə və Avstraliya), Pre-COP31 və onun liderlər seqmentinə ev sahibliyi edəcək Fici və Tuvalu, COP32-yə sədrlik edəcək Efiopiya, Avropa İttifaqı Şurasına cari sədrlik edən İrlandiya, eləcə də Aİ-yə üzv Almaniya, İtaliya, Çexiya və İsveç, həmçinin Çin, Rusiya, Misir, Pakistan, Keniya, Nigeriya, daxil olmaqla 34 ölkədən və UNFCCC Katibliyindən ümumilikdə 70-dən çox nümayəndə iştirak edib. İştirakçılar nazirlər, nazir müavinləri, dövlət başçılarının iqlim məsələləri üzrə nümayəndələri, UNFCCC çərçivəsində fəaliyyət göstərən danışıqlar qruplarının sədrləri, Tərəf dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri və digər yüksək səviyyəli rəsmilər səviyyəsində təmsil olunublar.

Builki Şamaxı Toplantısı əvvəlki illərdə olduğu kimi, iqlim danışıqları gündəliyinin əsas istiqamətlərinə, o cümlədən iqlim maliyyəsi, ədalətli keçid, iqlim dəyişmələrinin nəticələrinə uyğunlaşma və istixana qazı emissiyalarının azaldılması məsələlərinə, habelə COP31 Sədrliyinin prioritetlərinə həsr edilib. Bu çərçivədə cari ilin iyun ayında Bonnda keçirilmiş UNFCCC Yardımçı Orqanlarının 64-cü sessiyasının nəticələri, həmin sessiyada müzakirə olunan əsas məsələlər və onların COP31 çərçivəsində inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bundan əlavə, builki Şamaxı Toplantısında COP29, COP30 və COP31 sədrliklərinin həyata keçirdiyi “Belém 1.5 Missiyası” Troika mandatının icrası ilə bağlı müzakirələr aparılıb.

Məlumat üçün qeyd edilməlidir ki, COP28-də UNFCCC-yə Tərəf dövlətlər tərəfindən Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan (COP29) və Braziliya (COP30) sədrliklərinə Paris Sazişi çərçivəsində milli səviyyədə müəyyən edilmiş töhfələrin (NDC) hazırlanmasına dəstəyin göstərilməsi məqsədilə “1.5 Missiyasına Doğru Yol Xəritəsi” (Roadmap to Mission 1.5) adlı Troika mandatı həvalə edilmişdi. Bu mandatın COP30 çərçivəsində uğurla başa çatdırılmasından sonra Tərəf dövlətlər COP29, COP30 və COP31 sədrliklərinə “Belém 1.5 Missiyası” adlı yeni Troika mandatını veriblər. Yeni mandat ölkələrin milli səviyyədə müəyyən edilmiş töhfələrinin (NDC) və milli uyğunlaşma planlarının (NAP) hazırlanması və həyata keçirilməsinin təşviqinə, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, habelə əldə olunmuş irəliləyişin qiymətləndirilməsinə yönəlib. Mandata uyğun olaraq, COP31-dən əvvəl bu istiqamətdə görülmüş işləri əks etdirən hesabatın hazırlanaraq Tərəf dövlətlərə təqdim edilməsi nəzərdə tutulur.

Azərbaycan Braziliya, Türkiyə və Avstraliya ilə birlikdə bu mandatın icrası üzrə əməkdaşlığını davam etdirir. Şamaxı Toplantısı çərçivəsində görülən işlər barədə iştirakçılara ətraflı məlumat verilib, nümayəndələrin rəy və təklifləri dinlənilib, eləcə də hesabatın hazırlanması prosesi və onun mümkün nəticələri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iştirakçıları Şamaxı Toplantısının dayanıqlı beynəlxalq platformaya çevrilməsini yüksək qiymətləndirib və 2027-ci ildə COP32-yə ev sahibliyi edəcək Efiopiya nümayəndə heyəti növbəti ilin iyul ayında Azərbaycanın birgə təşkilatçılığı ilə dördüncü Şamaxı Toplantısının keçirilməsinə hazır olduqlarını bildirib.

Azərbaycanın beynəlxalq iqlim diplomatiyasına digər töhfələri

Azərbaycan Şamaxı Toplantısını dayanıqlı beynəlxalq platformaya çevirməklə yanaşı, qlobal iqlim diplomatiyasında başqa istiqamətlərdə də fəal rolunu davam etdirir.

Bu baxımdan, COP30-da ölkəmizə iqlim gündəliyinin prioritet istiqamətlərinin irəlilədilməsi məqsədilə ikinci dəfə Troika mandatının həvalə edilməsi Azərbaycanın artan beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş kimi qəbul edilməsinin göstəricisidir. COP sədrliyini başa vurmuş dövlətə yenidən belə mühüm mandatın verilməsi beynəlxalq ictimaiyyətin Azərbaycanın liderliyinə və vasitəçilik potensialına yüksək etimadını bir daha təsdiq edir.

Eyni zamanda, COP30 Sədri tərəfindən COP31-in ev sahibi ölkəsinin müəyyən edilməsi ilə bağlı danışıqların aparılması üçün Azərbaycan və Braziliyanın xarici işlər nazirlərinin müavinlərinə xüsusi mandat verilmişdi. Azərbaycan və Braziliya nümayəndələrinin Türkiyə, Avstraliya və Qərbi Avropa və Digərləri Qrupu (WEOG), eləcə də UNFCCC Katibliyi ilə iki həftə ərzində apardıqları intensiv danışıqlar nəticəsində COP31-in ev sahibi ölkəsinin müəyyənləşdirilməsi mümkün olub.

Həmçinin, COP29-da Azərbaycan və Braziliyaya inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin illik ən azı 1,3 trilyon ABŞ dollarına çatdırılması məqsədilə “Bakıdan Beləmə Yol Xəritəsi” (Baku to Belém Roadmap to 1.3T) hazırlanması mandatı verilmişdi. Bu mandat çərçivəsində hər iki sədrliyin birgə hazırladığı yekun hesabatda ilk dəfə olaraq qlobal iqlim maliyyəsinin illik trilyon ABŞ dolları səviyyəsini aşmasına imkan verə biləcək siyasət istiqamətləri və maliyyələşdirmə mexanizmləri sistemli şəkildə təqdim edilib. COP30-da Yol Xəritəsinin təqdim edilməsindən sonra Azərbaycan və Braziliya onun nəticələrinin təşviqi və tərəf dövlətlərlə dialoqun davam etdirilməsi istiqamətində ortaq fəaliyyətlərini davam etdirirlər.

Bundan əlavə, COP30-da Paris Sazişinin Qlobal Qiymətləndirilməsi (Global Stocktake – GST) üzrə üç əsas danışıqlar prosesinin irəlilədilməsi məqsədilə COP30 Sədrliyi tərəfindən Azərbaycan və Norveçə “Nazirlər Cütlüyü” (Ministerial Pair) mandatı həvalə edilmişdi. Bu mandat çərçivəsində Azərbaycan və Norveç bütün danışıqlar qrupları və çoxsaylı Tərəf dövlətlərlə intensiv məsləhətləşmələr aparıb, fikir ayrılıqlarının yaxınlaşdırılmasına və yekun qərarların konsensus əsasında qəbul edilməsinə mühüm töhfə verib.

Həmçinin, Azərbaycan cari ildə UNFCCC-nin ikinci “İqlim Həftəsi”nə ev sahibliyi edəcəkdir. Cari ilin 7–11 sentyabr tarixlərində keçiriləcək “İqlim Həftəsi” çərçivəsində UNFCCC Katibliyi, Türkiyə, Avstraliya, Braziliya, eləcə də ev sahibi ölkə kimi Azərbaycan tərəfindən 40-dan artıq tədbirin keçirilməsi planlaşdırılır. İştirakçıların sayı və tədbirlərin miqyasına görə UNFCCC-nin “İqlim Həftəsi” COP və UNFCCC Yardımçı Orqanlarının yay sessiyasından sonra təşkil olunan ən böyük beynəlxalq iqlim tədbirlərindən biri hesab olunur.

Beləliklə, Azərbaycan COP30 Sədrliyi, COP31 Sədrliyi (Türkiyə və Avstraliya) və digər tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində qlobal iqlim gündəliyində duran əsas məsələlərin irəlilədilməsi, yeni Troika mandatının icrası və COP31-in uğurlu nəticələrinin təmin olunması istiqamətində fəal rol oynamaqda davam edir. Bu fəaliyyətlər Azərbaycanın COP29 Sədrliyindən sonra da qlobal iqlim idarəçiliyində etibarlı tərəfdaş, konstruktiv vasitəçi və beynəlxalq iqlim diplomatiyasının aparıcı iştirakçılarından biri kimi mövqeyini daha da möhkəmləndirdiyini nümayiş etdirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti