Bakı.Trend:
Cari ilin iyun ayında Türkiyə ərazisi ilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri vasitəsilə 16,398 milyon barel neft nəql olunub.
Bu barədə Türkiyənin BOTAŞ şirkətinin məlumatında deyilir.
Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin iyun ayında bu göstərici 17,297 milyon barel təşkil etmişdi. Beləliklə, nəqlin həcmi təxminən 5,2 faiz azalıb.
2026-cı ilin yanvar-iyun aylarında isə BTC vasitəsilə Türkiyə ərazisi ilə ümumilikdə 96,934 milyon barel neft nəql edilib.
Xatırladaq ki, 2025-ci ildə Türkiyə ərazisi ilə BTC vasitəsilə 206,434 milyon barel neft nəql olunub. Müqayisə üçün, 2024-cü ildə bu göstərici 224,142 milyon barel təşkil etmişdi. Beləliklə, nəqlin həcmi 7,9 faiz azalıb.
Qeyd edək ki, BTC Co. şirkətinin səhmdarları bunlardır: bp (30,10 faiz), SOCAR (32,97 faiz), MOL (8,90 faiz), TPAO (6,53 faiz), Eni (5,00 faiz), TotalEnergies (5,00 faiz), ITOCHU (3,40 faiz), ONGC Videsh (3,10 faiz), ExxonMobil (2,50 faiz) və INPEX (2,50 faiz).
İyulun 1-də "Bakı-Tbilisi-Ceyhan" (BTC Co.) şirkəti ixrac neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın (BTC) operator funksiyalarının BP Exploration (Caspian Sea) Limited (bp) şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan SOCAR "Midstream Operations MMC"yə (SMO) keçdiyini elan edib.
Operator funksiyalarının təhvil verilməsi BTC neft kəmərinin Azərbaycan, Gürcüstan və Türkiyədə yerləşən hər üç hissəsini əhatə edir. Bundan əlavə, BTC kəməri ilə bağlı bütün fəaliyyətin idarə olunması, eləcə də bp-nin indiyədək BTC və Cənubi Qafqaz Boru Kəməri (CQBK) sistemləri üzrə həyata keçirdiyi ümumi əməliyyatlara dair operator funksiyaları da SMO-ya ötürülüb.
Operator funksiyalarının təhvil verilməsi BTC layihəsi üzrə əsas müqavilələr paketinə daxil olan və yekun investisiya qərarı çərçivəsində qəbul edilmiş müvafiq sazişlər əsasında həyata keçirilir. Bu dəyişiklik Sanqaçal terminalının ərazisində yerləşən obyektlər istisna olmaqla, üç ölkədə BTC-yə aid bütün ayrı-ayrı obyekt və fəaliyyət növlərinə, eləcə də BTC/CQBK üzrə ümumi əməliyyatlara şamil edilir.
bp bu funksiyaları yerinə yetirməyə davam edəcək. BTC Co. şirkətinin səhmdarlarının strukturu da dəyişməz olaraq qalır.
