Bakı. Trend:
KXDR-in nüvə dövləti statusu qəti və geri dönməzdir, ölkənin nüvə potensialı isə fasiləsiz şəkildə gücləndiriləcək. Bu barədə Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və KXDR lideri Kim Çen Inın bacısı Kim Yo Con bildirib. Məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) yayıb.
"Kim nə deyirsə desin, KXDR-in məsuliyyətli nüvə dövləti kimi statusu və mövcudluğunun əhəmiyyəti qəti və geri dönməzdir. Bu status qüvvələr balansını təmin edir və Koreya yarımadasında, eləcə də onun hüdudlarından kənarda geosiyasi təhlükəsizliyə zəmanət verir. KXDR-in nüvə gücü heç bir fasilə olmadan davamlı şəkildə inkişaf etdiriləcək", – deyə Kim Yo Con vurğulayıb.
Onun bəyanatı ASEAN Regional Forumunun sədrinin Koreya yarımadasının tam nüvəsizləşdirilməsinə çağırış edilən sənədinə cavab olaraq verilib. Kim Yo Con forumun mövqeyindən "ciddi narazılığını" ifadə edib və onu qəti şəkildə rədd edib.
Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri bildirib ki, KXDR-in nüvə dövləti statusu ölkə konstitusiyasında təsbit olunub və "heç bir hüquqi məcburedici qüvvəsi olmayan bir sənədlə" dəyişdirilə bilməz.
O, ABŞ və onun müttəfiqlərinin Koreya yarımadasının nüvəsizləşdirilməsi siyasətinə sadiqliyini "strateji düşüncənin iflası" və "axmaq xəyal" adlandıraraq qeyd edib ki, bu konsepsiya artıq hərtərəfli şəkildə mənasını itirib.
"Bizim mövqeyimiz ardıcıl və aydındır: nüvə çəkindirmə qüvvələri dövlətin suverenliyinin etibarlı qalxanı və dövlət hakimiyyətinin qorunmasının ən yaxşı təminatıdır", – deyə Kim Yo Con yekunlaşdırıb.
