Bakı. Trend:
İyulun 25-i və 26-da ölkə ərazisində qeydə alınan 76 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olan ümumilikdə 59 nəfər, o cümlədən borclu şəxs qismində axtarışa verilmiş 39 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bildirilib ki, narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 10 fakt müəyyən edilib.
Həmçinin cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
Son iki gündə polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 18 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 25-də və 26-da ümumi çəkisi 19,1 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
