Bakı. Trend:
2026-cı ilin ilk altı ayında icmal büdcənin gəlirləri 24 milyard 413,9 milyon manat, xərcləri isə 19 milyard 824,3 milyon manat icra olunub.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə icmal büdcənin gəlirləri 56 milyon manat və ya 0,2%, xərcləri isə 230,6 milyon manat və ya 1,2% artıb.
İcmal büdcədə 4 milyard 589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb. Bu isə ötən ilin eyni dövründəki göstəriciyə nisbətən 174,6 milyon manat və ya 3,7% azdır.
İcmal büdcədə 4 milyard 589,6 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri 4 milyard 295,4 milyon manat, xərcləri 4 milyard 123,7 milyon manat, İşsizlikdən Sığorta Fondunun büdcəsinin gəlirləri 125,2 milyon manat, xərcləri 78,1 milyon manat, İcbari Tibbi Sığorta Fondunun büdcəsinin gəlirləri 1012,3 milyon manat, xərcləri 1153,8 milyon manat, Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri 8 milyard 540,2 milyon manat, xərcləri 6 milyard 434,3 milyon manat məbləğində icra olunub.
Hesabat dövründə Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 218,4 milyon manat, xərcləri 215,7 milyon manat təşkil edib.
Qeyd edək ki, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri 16 milyard 775,5 milyon manat olub, 2 milyard 403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12 milyard 759,2 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7 milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Cari ilin altı ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139,0 milyon manat və ya 1,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 52,5 milyon manat və ya 1,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat və ya 28,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat və ya 12,4 faiz çox vəsait daxil olub.
