Bişkekdə ŞƏT-2026 Media və Analitik Mərkəzlər Forumu keçirilib (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Xəbər 27 İyul 2026 09:10 (UTC +04:00)
Bişkekdə ŞƏT-2026 Media və Analitik Mərkəzlər Forumu keçirilib (FOTO) (YENİLƏNİB)
Rufiz Hafizoğlu
Rufiz Hafizoğlu
Bütün xəbərlər

Bişkek.Trend.

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) 25 illiyinə həsr olunmuş Media və Analitik Mərkəzlər Forumu keçirilib.

Trend-in xüsusi müxbirinin məlumatında görə, forumda iştirakçılar informasiya əməkdaşlığının inkişaf etdirilməsi, media və beyin mərkəzləri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və qlobal media məkanındakı mövcud tendensiyaları müzakirə edilib.

Tədbir Qırğızıstan Milli Xəbər Agentliyi "Kabar" və "Sinxua" Xəbər Agentliyi tərəfindən təşkil olunub.

Qırğızıstan Prezidenti Administrasiyasının İnformasiya Siyasəti Xidmətinin rəhbəri Dayırbek Orunbekov forumun açılış mərasimində çıxışı zamanı bildirib ki, Media və Analitik Mərkəzlərinin 2026-cı il Forumu informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, intellektual əməkdaşlığın inkişafı və təşkilata üzv ölkələr arasında qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində mühüm mərhələ olacaq.

D.Orunbekov qeyd edib ki, müasir dünya informasiya və texnologiyaların həlledici rol oynadığı yeni bir dövrə qədəm qoyub. Məlumatların yayılma sürətinin əhəmiyyətli dərəcədə artması isə kütləvi informasiya vasitələrinin və ekspert ictimaiyyətinin məsuliyyətini daha da yüksəldir.

Onun sözlərinə görə, bu gün informasiya ictimai şüura və dövlətlərin gələcəyinə təsir göstərən ən güclü vasitələrdən biridir. Bu baxımdan, tədqiqat mərkəzlərinin dərin analitik yanaşmasının jurnalistikanın operativliyi, dəqiqliyi və obyektivliyi ilə uzlaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

"Kabar" Qırğızıstan Milli İnformasiya Agentliyi direktoru Mederbek Şermetəliyev isə çıxışı zamanı qeyd edib ki, Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Media və Analitik Mərkəzlərinin 2026-cı il Forumu tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.

"Qırğızıstan ŞƏT-in yaradılmasının 25 illiyi ilində təşkilata sədrlik edir. Bu, ölkəmiz üçün təkcə böyük şərəf və yüksək məsuliyyət deyil, həm də ŞƏT-in əsas prinsip və dəyərlərinin inkişafına yeni təkan vermək baxımından tarixi imkandır", – deyə Şermetəliyev bildirib.

Onun sözlərinə görə, hazırkı forum Qırğızıstanın təşkilata sədrliyi çərçivəsində keçirilən əsas tədbirlərdən biridir. ŞƏT-ə üzv və tərəfdaş olan 26 dövlətdən 250-yə yaxın nümayəndənin iştirakı ölkələrin informasiya, analitik və humanitar əməkdaşlığı möhkəmləndirmək əzmini nümayiş etdirir.

Şermetəliyev qeyd edib ki, Qırğızıstan Prezidenti Sadır Japarovun rəhbərliyi ilə ölkədə dövlət idarəçiliyinin rəqəmsallaşdırılması, informasiya açıqlığının genişləndirilməsi, dövlət orqanları ilə cəmiyyət arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi və müasir kommunikasiya siyasətinin inkişafı istiqamətində islahatlar ardıcıl şəkildə həyata keçirilir.

Mərkəzi Asiya Beynəlxalq Ticarət Palatasının prezidenti Maksat Çakiyev forumun plenar iclasında təşkilata üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə yönəlmiş bir sıra təkliflər irəli sürüb.

Forum iştirakçıları qarşısında çıxış edən Maksat Çakiyev vurğulayıb ki, müasir qlobal çağırışlar şəraitində siyasi etimad ticarətin, investisiya fəaliyyətinin və nəqliyyat əlaqələrinin inkişafını stimullaşdıran səmərəli iqtisadi mexanizmlərdə öz praktik əksini tapmalıdır.

Onun sözlərinə görə, dünya iqtisadiyyatı hazırda artan qeyri-sabitlik dövrünü yaşayır – logistika zəncirləri pozulur, ticarət maneələri güclənir, ənənəvi marşrutlar isə etibarlılığını qismən itirir. Belə şəraitdə ölkələr arasında etimad dayanıqlı iqtisadi inkişaf üçün əsas amilə çevrilir.

Mərkəzi Asiya Beynəlxalq Ticarət Palatasının prezidentinin təkliflərindən biri region dövlətləri və tərəfdaş ölkələrin nəqliyyat dəhlizlərini, istehsal zəncirlərini, enerji infrastrukturunu və maliyyə mexanizmlərini birləşdirəcək Mərkəzi İqtisadi Məkanın yaradılması olub.

Bundan əlavə, Maksat Çakiyev ŞƏT-in Beynəlxalq Ticarət və İnvestisiya Palatasının yaradılması təşəbbüsü ilə çıxış edib. Onun fikrincə, belə bir qurum təşkilata üzv dövlətlərin milli və regional ticarət palatalarını, biznes assosiasiyalarını və şirkətlərini bir araya gətirərək ticarət-iqtisadi və investisiya əməkdaşlığının əlaqələndirilməsi üçün daimi platformaya çevrilə bilər.

"ŞƏT-in Beynəlxalq Ticarət Palatası biznes ictimaiyyətinin qarşılıqlı fəaliyyətinə və birgə iqtisadi layihələrin həyata keçirilməsinə dəstək verən praktik və operativ platformaya çevrilməlidir", – deyə Maksat Çakiyev bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti