Bakı.Trend:
İdrak Liseyinin IB Diploma Programme şagirdləri Raul Quliyev və Anar Allahverdi, həmçinin ADA School-un şagirdi Ayxan Orucov 2026-cı il üzrə Beynəlxalq Bakalavrın (IB) Qlobal Gənclər Fəaliyyət Fondu (Global Youth Action Fund – GYAF) proqramının qalibləri seçilmişlər. Şagirdlər “Moving Library” layihəsinin həyata keçirilməsi üçün 1300 ABŞ dollarınadək qrant qazanmışlar. Bu, Azərbaycanlı şagirdlərin ilk dəfə olaraq IB GYAF qrantına layiq görülməsi baxımından mühüm bir uğurdur.
Beynəlxalq Bakalavr tərəfindən Festival of Hope təşəbbüsü çərçivəsində həyata keçirilən Global Youth Action Fund dünyanın ən böyük gənclər qrant proqramlarından biridir. Bu il 40-dan çox ölkədən daxil olmuş 1100-dən artıq müraciət arasından 324 gənci təmsil edən 110 layihə maliyyələşdirilmək üçün seçilmişdir. 2025-ci ildə GYAF qaliblərinin həyata keçirdiyi layihələr ümumilikdə 102 mindən çox insana birbaşa təsir göstərmiş və 3,2 milyon media baxışı əldə etmişdir.
“Moving Library” layihəsinin əsas məqsədi təhsil resurslarına çıxış imkanları məhdud olan icmalarda yaşayan məktəblilər arasında mütaliə mədəniyyətini təşviq etmək, onların kitab resurslarına çıxış imkanlarını genişləndirmək və oxu vərdişlərinin inkişafına dəstək olmaqdır. Layihə Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərindən biri olan SDG 4 – Keyfiyyətli Təhsil məqsədinə xidmət edir.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif regionlarından olan məktəblilər üçün oxu müsabiqələri, maarifləndirici və interaktiv fəaliyyətlər təşkil olunacaqdır. Müsabiqələrin qalibləri kitab dəstləri ilə mükafatlandırılacaq və onlara yeni təhsil imkanları yaradılacaqdır. Layihə uşaqlarda mütaliəyə marağın artırılmasını, tənqidi düşünmə, ünsiyyət və yaradıcılıq bacarıqlarının inkişafını hədəfləyir.
“Moving Library” layihəsi kitabların sadəcə təhsil resursu deyil, həm də yeni imkanların, fərdi inkişafın və sosial dəyişimin vasitəsi olması ideyasına əsaslanır. Layihənin həyata keçirilməsi zamanı yerli təhsil müəssisələri, ictimai təşkilatlar və könüllülərlə əməkdaşlıq ediləcək, regionların ehtiyacları nəzərə alınmaqla müxtəlif maarifləndirici təşəbbüslər reallaşdırılacaqdır.
Azərbaycanlı şagirdlərin beynəlxalq səviyyədə qazandıqları bu uğur ölkəmizdə gənclərin qlobal təşəbbüslərdə fəal iştirakının və sosial təsir yaradan layihələr hazırlamaq potensialının mühüm göstəricisidir. İnanırıq ki, “Moving Library” layihəsi ölkəmizdə təhsilin inkişafına, mütaliə mədəniyyətinin təşviqinə və daha inklüziv öyrənmə imkanlarının yaradılmasına əhəmiyyətli töhfə verəcəkdir.
