Bakı.Trend:
Hövsan qəsəbəsində dənizdə 4 nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olub.
FHN-dən verilən xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində, ən yaxın sularda xilasetmə məntəqəsindən 1 kilometr aralı, dənizin nəzarətsiz ərazisində 4 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Aparılan operativ xilasetmə əməliyyatı nəticəsində 1985-ci il təvəllüdlü Əliya Aysel Bəkir qızı, 2009-cu il təvəllüdlü Rüstəmova Elmira Rauf qızı və 2019-cu il təvəllüdlü Rüstəmova Nuray Rauf qızı xilas ediliblər.
Dalğıc-xilasedicilər tərəfindən 2013-cü il təvəllüdlü Rüstəmova Aylin Rauf qızının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyi vətəndaşları təhlükəsizlik qaydalarına ciddi əməl etməyə, nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə çimməməyə və küləkli hava şəraitində dənizə girməməyə çağırıb.
