Türkmənistan Xəzər dənizində gəmilərə hücumun yolverilməz olduğunu bəyan edib

Dünya xəbərləri Materials 27 İyul 2026 12:21 (UTC +04:00)
Türkmənistan Xəzər dənizində gəmilərə hücumun yolverilməz olduğunu bəyan edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Türkmənistan Xarici İşlər Nazirliyi (XİN) Xəzər dənizinin akvatoriyasında dəniz gəmisinə hücum edilməsi ilə bağlı yayılan məlumatlara dair bəyanatla çıxış edib.

Türkmənistan XİN-dən bildirilib ki, bu cür hərəkətlər yolverilməzdir.

"2026-cı il iyulun 25-də beynəlxalq kütləvi informasiya vasitələrində Xəzər dənizinin akvatoriyasında dəniz gəmisinə hücum edilməsi barədə məlumatlar dərc olunub. Bununla əlaqədar Türkmənistan Xarici İşlər Nazirliyi bu cür hərəkətlərin yolverilməz olduğunu bəyan edir. Türkmənistan Xəzəryanı dövlət və Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmış daimi neytral statusa malik ölkə kimi vurğulayır ki, Xəzər sülh, anlaşma və mehriban qonşuluq dənizidir", – deyə XİN-in bəyanatında bildirilir.

Xatırladaq ki, daha əvvəl İran Xarici İşlər Nazirliyi hücumu pisləyən bəyanat yayıb. İran tərəfinin iddiasına görə, insident iyulun 25-i səhər saatlarında baş verib. Hücum nəticəsində gəmi zədələnib, bir dənizçi həlak olub, daha biri isə yaralanıb.

Tehran baş verənləri BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndinin pozulması və münaqişənin daha da gərginləşməsinə səbəb ola biləcək "təcavüz aktı" kimi qiymətləndirdiyini bəyan edib.

İran həmçinin bir daha vurğulayıb ki, Rusiya ilə Ukrayna arasında münaqişənin tərəfi deyil və BMT Təhlükəsizlik Şurasını, Avropa ölkələrini, eləcə də BMT-yə üzv bütün dövlətləri baş verənlərə qiymət verməyə çağırıb.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi rəsmi "X" səhifəsində yazıb ki, bu insident "cavabsız qala bilməz".

"Zelenski İranın ticarət gəmisinə hücum edib, nəticədə bir dənizçi həlak olub. Bu, İsrailin göstərişi ilə Avropanı öz müharibəsinə cəlb etmək məqsədilə törədilmiş BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır", – deyə Əraqçi yazıb.

İran XİN başçısının sözlərinə görə, Tehranın mövqeyi Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışıqları zamanı onların diqqətinə çatdırılıb.

"Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallas və Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə telefon danışıqları zamanı mən açıq şəkildə bildirdim ki, Kiyevdəki müftəxorun törətdiyi əməl CAVABSIZ QALA BİLMƏZ", – deyə Əraqçi bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti