Bakı. Trend:
Bu ilin yanvar-iyun ayında dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 198,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 21,2 milyon manat və ya 0,3 faiz çoxdur.
Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 1,328 milyard manat və ya 13,9% azdır.
2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 21,7 faizi və ya 1 milyard 778,2 milyon manatı (ötən ilin eyni dövrü ilə müqayisədə 22,2% az) vergi orqanlarının xətti ilə daxilolmaların, 78,3 faizi və ya 6 milyard 420,0 milyon manatı (ötən ilin eyni dövrü ilə müqayisədə 11,3% az) Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşür.
Qeyd edək ki, 2026-cı ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 19 milyard 179,2 milyon manat, xərcləri 16 milyard 775,5 milyon manat olub, 2 milyard 403,7 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranıb.
2026-cı ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 18 milyard 828,9 milyon manat proqnoza qarşı 19 milyard 179,2 milyon manat və yaxud 350,3 milyon manat (1,9 faiz) çox icra edilib. Bu, cari ilin dövlət büdcəsinin illik proqnozlaşdırılan gəlirlərinin 49,7 faizinə bərabərdir.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 2,8 faiz çox icra edilməklə 12 milyard 759,2 milyon manat təşkil edib.
Dövlət büdcəsinin gəlirlərinin 8 milyard 842,7 milyon manatı və ya 46,1 faizi vergi orqanlarının xətti ilə daxilolmaların, 6 milyard 420,0 milyon manatı və ya 33,5 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 143,6 milyon manatı və ya 16,4 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 350,7 milyon manatı və ya 1,8 faizi dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaların, 28,2 milyon manatı və ya 0,1 faizi dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 394,0 milyon manatı və ya 2,1 faizi sair daxilolmaların payına düşür.
2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin gəlirləri təsdiq edilmiş proqnoza nisbətən vergi orqanlarının xətti ilə 217,7 milyon manat və ya 2,5 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 5,5 milyon manat və ya 24,2 faiz, sair daxilolmalardan 246,2 milyon manat və ya 2,7 dəfə çox, gömrük orqanlarının xətti ilə 10,4 milyon manat və ya 0,3 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 108,7 milyon manat və ya 23,7 faiz az, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert üzrə proqnozlaşdırılan səviyyədə icra edilib.
Cari ilin altı ayı ərzində 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi orqanlarının xətti ilə daxilolmalar üzrə 139,0 milyon manat və ya 1,6 faiz, gömrük orqanlarının xətti ilə daxilolmalar üzrə 52,5 milyon manat və ya 1,7 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 6,3 milyon manat və ya 28,8 faiz, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar üzrə 38,6 milyon manat və ya 12,4 faiz çox vəsait daxil olub.
