Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 10 milyard 981 milyon manat olub.
Maliyyə Nazirliyinin məlumatına əsasən, bu, proqnozla müqayisədə 329,1 milyon manat və ya 3,1 faiz, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 703,8 milyon manat və ya 6,8 faiz çoxdur.
Dövlət büdcəsinin qeyri neft-qaz sektoru üzrə daxilolmaları 2026-cı ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin ümumi daxilolmalarının 57,3 faizini (2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,4 faiz-bənd çox) təşkil edib.
Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirlərində qeyri neft-qaz sektoru üzrə daxilolmaların 64,3 faizini və ya 7 milyard 64,5 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 28,6 faizini və ya 3 milyard 143,6 milyon manatını gömrük orqanlarının xətti ilə daxilolmalar, 3,2 faizini və ya 350,7 milyon manatınıdövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, 3,6 faizini və ya 394 milyon manatını sair daxilolmalar, 0,3 faizini və ya 28,2 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmaları təşkil edir.
Maliyyə naziri Sahil Babayev Milli Məclisin iclasında
“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası
haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib ki, son illər
həyata keçirilən islahatlar qeyri-neft sektorunun davamlı
inkişafını təmin edib. Onun sözlərinə görə, hesabat dövründə
qeyri-neft-qaz sektoru üzrə ÜDM 92,3 milyard manat təşkil edərək
ümumi ÜDM-in 71,5 faizinə çatıb ki, bu da əvvəlki illə müqayisədə
2,7 faiz real artım deməkdir.
Nazir qeyd edib ki, icmal büdcədə qeyri-neft gəlirlərinin payı 55,2
faizə, qeyri-neft vergilərinin payı isə 25 faizə yüksəlib. O
vurğulayıb ki, dövlət büdcəsinin qeyri-neft gəlirlərinin ümumi
daxilolmalardakı xüsusi çəkisi son beş ildə 43,3 faizdən 52 faizə
yüksəlib və 2026-cı il dövlət büdcəsində bu göstəricinin 57,4 faizə
çatdırılması nəzərdə tutulur.
"Qeyd olunan göstəricilərin dinamikası qeyri-neft sektorunun inkişafının və dövlət büdcəsinin neft gəlirlərindən asılılığının azaldılmasının dövlətin əsas prioritet istiqamətlərindən biri olduğunu göstərir. Qeyri-neft sektoru üzrə gəlirlərin artırılması və mənbələrinin şaxələndirilməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir və məsələ daim nəzarətdə saxlanılır", – deyə Sahil Babayev bildirib.
