Bakı. Trend:
Hazırda İranın ABŞ ilə heç bir müzakirəsi yoxdur.
Bunu İran Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi İsmayıl Bəqai bu gün (27 iyul) Tehranda keçirilən mətbuat konfransında deyib.
“İran və ABŞ arasında müzakirənin aparılması haqda bir sıra mediada məlumatlar yayılır. İranın hazırda ABŞ ilə heç bir müzakirəsi yoxdur”, -deyə o qeyd edib.
Bəqai bildirib ki, İran hazırda müzakirələr aparmaqdadır və həmin müzakirədən fərqli analizlər irəli sürülə bilər. İran hazırda Omanla Hörmüz boğazı ilə əlaqədar lazımi tədbirlərin yaradılması məqsədilə müzakirə aparmaqdadır.
“İran və Oman arasında Hörmüz boğazı ilə əlaqədar aparılan müzakirələrin ABŞ ilə heç bir əlaqəsi yoxdur. İki sahilyanı ölkə olaraq İran və Oman arasında Hörmüz boğazında gəmilərin keçidinin idarə olunması haqda danışıqlar davam etdirilməkdədir”, - deyə o bildirib.
Bəqai əlavə edib ki, Hörmüz boğazı 28 fevrala qədər açıq idi. Hörmüz boğazındakı hazırkı vəziyyət ABŞ və İsrailin İrana qarşı hücumlarının nəticəsidir. ABŞ-nin hücumlarına görə, Hörmüz boğazı bağlıdır.
Xatırladaq ki, ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb.
