Bank sektorunun aktivləri 60 milyard manatı ötüb

İqtisadiyyat Materials 29 İyul 2026 09:49 (UTC +04:00)
Bank sektorunun aktivləri 60 milyard manatı ötüb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il iyulun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 60 milyard 940,4 milyon manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında hesablamalara əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 4,206 milyard manat və ya 7,4% çoxdur.

Hesabat dövründə bankların cəmi öhdəlikləri 53 milyard 294,8 milyon manat, balans kapitalı 7 milyard 645,6 milyon manat olub. İyun ayında bankların cəmi aktivləri 3%, cəmi öhdəlikləri 3,3%, balans kapitalı isə 1% artıb.

Bank sektorunda artım fonunda Azərbaycan Mərkəzi Bankı maliyyə sisteminin dayanıqlığının gücləndirilməsi istiqamətində həyata keçirilən islahatların nəticələrini də açıqlayıb.

Azərbaycan Mərkəzi Bankının baş direktoru Şahin Mahmudzadə İslam İnkişaf Bankı (İİB) Qrupunun Bakıda keçirilən İllik Toplantısı çərçivəsində islam maliyyəsi üzrə 20-ci Qlobal Forumda bu barədə fikirlərini bölüşüb.

"Son üç il ərzində biz bank sektorunda normativ bazamızı təkcə mühasibat uçotunun ən yeni standartlarına keçid kimi ənənəvi istiqamətlərdə deyil, həm də bazar davranışı, ESG və digər yeni sahələrdə modernləşdirmişik. Kapital bazarında da qüvvədə olan qanunvericiliyə bir sıra dəyişikliklər edilib. Reytinq agentlikləri haqqında qanun, törəmə maliyyə alətləri haqqında qanun, vençur kapitalı haqqında qanun, kraudfandinq haqqında qanun və digər qanun layihələri hazırlanaraq hökumətə təqdim olunub", – deyə Ş.Mahmudzadə bildirib.

Qeyd edək ki, 30 iyun 2026-cı il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 504, şöbələrinin sayı 83, ATM-lərin sayı 3,503 oub. Hesabat ayında bank sektorunda çalışanların sayı 0,3% və ya 88 nəfər artaraq 27,462 nəfər təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti