Bakı.Trend:
İtaliyalı canlı futbol əfsanəsi, 2006-cı ildə dünya çempionu adını qazanmış Andrea Pirlo Rusiya ilə iddia olunan əlaqələrinə görə, İtaliya milli komandasından kənarda qalıb.
Bu barədə “La Gazzetta dello Sport” yazır.
Nəşrin yazdığına görə, İtaliya millisinin baş məşqçi postuna namizəd olan Pirlo, Rusiya ilə əməkdaşlığına görə vəzifəyə təyin edilməyib.
Məlumata görə, Pirlonun İtaliya millisinin baş məşqçisi vəzifəsinə təyinatı ölkənin Futbol Federasiyasının prezidenti tərəfindən əngəllənib. Qərarın səbəbi kimi Pirlonun Rusiya bukmeker şirkəti ilə əməkdaşlığı göstərilib.
Bundan əlavə, cəmi 16 gün əvvəl idman direktoru vəzifəsinə təyin olunan Paolo Maldininin də millidən ayrılacağı bildirilir.
Rusiya bukmeker şirkəti ilə əməkdaşlıq çərçivəsində Andrea Pirlo Rusiyada keçirilən ölkə kubokunun Superfinalını izləyib. Həmin oyunda "Spartak" və "Krasnodar" komandaları üz-üzə gəlib.
Pirlo ilə birlikdə tədbirdə iştirak edən digər dünya çempionu Marko Materatsi isə sonradan Rusiyaya səfərinə görə üzr istəyib.
