Bakı. Trend:
Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) bir qrup üzvü İttifaqda sədr seçkiləri ilə bağlı yaranmış vəziyyətə dair bəyanat yayıb.
Bəyanatda mərhum Xalq artisti Rasim Balayevin uzun sürən xəstəliyi və vəfatından sonra yaranmış vəziyyətdən istifadə edilərək sədr səlahiyyətlərinin mənimsənilməsinin yolverilməz olduğu qeyd edilir.
Bildirilib ki, AKİ-nin "İcraçı katibi" vəzifəsini tutan Əli İsa Cabbarov 26 may 2026-cı il tarixində məhdud sayda üzvlərin iştirakı ilə keçirilən toplantıda özünün sədr seçildiyini elan edib.
Sonradan Ədliyyə Nazirliyi həmin toplantının qanunvericiliyin və İttifaqın Nizamnaməsinin tələblərinə uyğun keçirilmədiyini, kvorumun təmin olunmadığını və digər prosedur pozuntularına yol verildiyini müəyyən edib. Bu səbəbdən sözügedən seçki legitim hesab edilməyib, qəbul olunan qərarlar hüquqi qüvvəyə minməyib və Əli İsa Cabbarovun sədr statusu təsdiqlənməyib.
Bəyanatda həmçinin qeyd olunub ki, Hesablama Palatasının AKİ-nin maliyyə fəaliyyətinə dair araşdırması zamanı dövlət büdcəsindən ayrılmış vəsaitlərin bir hissəsinin İttifaqın Nizamnaməsinin tələblərinə zidd olaraq Katiblik və İdarə Heyəti ilə razılaşdırılmadan xərcləndiyi, ayrılmış vəsaitlərin bir qisminin təyinatı üzrə istifadə olunmadığı barədə faktlar aşkar edilib.
Sənədə əsasən, 14 iyul 2026-cı ildə AKİ-nin İdarə Heyətinin və Katibliyinin üzvləri, eləcə də tanınmış kino xadimlərinin iştirakı ilə keçirilən geniş toplantıda Əli İsa Cabbarovun hərəkətlərinə hüquqi qiymət verilməsi zəruri hesab olunub və bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edilib. Müraciətdə qanunvericiliyə uyğun araşdırma aparılması və qanuni tədbirlərin görülməsi xahiş olunub.
Bildirilib ki, hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar aparıldığı dövrdə AKİ İdarə Heyətinin iclasının çağırılması və tələsik yeni sədr seçkisinin tarixinin müəyyənləşdirilməsi məqsədəuyğun deyil. Onlar hüquqi araşdırmalar yekunlaşdıqdan və məsələyə hüquqi qiymət verildikdən sonra, təxminən payız aylarında sədr seçkisi mövzusuna qayıtmağın daha düzgün olacağını qeyd ediblər.
