Bakı. Trend:
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi quduzluq xəstəliyinin qarşısını almaq üçün operativ epidemioloji nəzarət aparır. GEM-in əsas vəzifəsi insanların bu xəstəliyə yoluxmasının qarşısını almaq üçün müvafiq tədbirlərin həyata keçirməkdir.
Bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova açıqlayıb.
Onun sözlərinə görə, hər bir heyvan dişləməsi, cırmaqlaması və ya tüpürcəkləməsi ilə bağlı tibb müəssisələrindən Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə daxil olan təcili bildirişlər dərhal qeydə alınır və epidemioloji araşdırma aparılır. Epidemioloq tərəfindən zərərçəkmiş şəxsin və hadisənin baş verdiyi şərait (heyvanın növü, sahibli və ya sahibsiz olması) barədə ətraflı məlumat toplanılır. İnsanları dişləmiş heyvanlar üzərində nəzarət üçün məlumat baytarlıq idarəsinə verilir. Tibb müəssisələrinin quduzluq əleyhinə effektiv vaksinlərlə (antirabik peyvəndlər) və ehtiyac olduqda antirabik immunoqlobulinlərlə kəsintisiz təminatına, zərərçəkmiş şəxslərin vaksinasiya kursunu təyin edilmiş sxem üzrə cəlb olunmasına və müalicəni özbaşına yarımçıq qoymamasına nəzarət edir. Həmçin, tibb işçiləri üçün quduzluq ocaqlarının ləğvi və zərərçəkmişlərə düzgün antirabik yardımın göstərilməsi mövzusunda mütəmadi olaraq seminarlar təşkil edir. Təbii ki, əhalinin maarifləndirməsindədə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rolu çox böyükdür. Sahibsiz heyvanların populyasiyasının tənzimlənməsi məqsədilə Mərkəzə yerli icra hakimiyyəti orqanları və baytarlıq xidməti ilə koordinasiyalı şəkildə işlər aparır”.
A.Qurbanova bildirib ki, statisitik rəqəmlərə gəldikdə isə respublika üzrə 2026-cü ilin ilk altı ayı ərzində 23293 heyvan dişləməsi qeydə alınıb: “Bunlardan 11670 hadisə məlum heyvanlar (it, pişik), 11108 hadisə naməlum heyvanlar (it,pişik,siçovul) tərəfindən olub. Heyvan dişləməsinə məruz qalanlarların quduzluğa qarşı antirabik vaksinlə əhatə olunması təmin edilib. Hazırda tibb müəssisələrində kifayət qədər antirabik vaksin vardır”.
