Bakı.Trend:
2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 200 tarix-mədəniyyət abidəsinə qanunsuz müdaxilələnin qarşısı alınıb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 2026-cı ilin birinci yarısını əhatə edən “Mədəni irs icmalı”nda bildirilib.
Məlumata görə, hazırda Dövlət Xidməti dövlət mühafizəsinə götürülmüş 6114 tarix-mədəniyyət abidəsindən 4377-nə, həmçinin yeni aşkar edilmiş 1400-dən çox tarix və mədəniyyət əhəmiyyətli obyektə nəzarəti həyata keçirir.
Hesabat dövründə Vahid Mədəniyyət Reyestri informasiya sistemi yaradılıb və ölkə üzrə 3709 daşınmaz mədəni irs obyekti vahid rəqəmsal platformada coğrafi informasiya sistemi (GIS) texnologiyaları ilə inteqrasiya edilib.
Muzey fondlarında qorunan eksponatların sayı 1 milyon 137 min 883-ə çatıb. Yanvar-iyun aylarında fondlar 3893 yeni eksponatla zənginləşdirilib, Vahid Mədəniyyət Reyestrinə daxil edilmiş muzey eksponatlarının sayı isə 29 551 olub.
Tarix-mədəniyyət abidələrinə qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə 200 preventiv tədbir həyata keçirilib, hüquq-mühafizə orqanlarına 60 müraciət göndərilib, 32 inzibati tənbeh qərarı qəbul edilib və qanun pozuntuları ilə bağlı 1 cinayət işi başlanılıb.
Hesabat dövründə abidələrin qorunmasını tənzimləyən 183 mühafizə müqaviləsi bağlanılıb, 98 tarix-mədəniyyət abidəsinin mühafizə zonasının layihəsi təsdiq edilib. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri üzrə mədəni irsin qorunması məqsədilə 73 rəy verilib, 98 abidə Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə daxil edilib.
Dövr ərzində 1 tarix-mədəniyyət abidəsində bərpa-konservasiya işləri başa çatdırılıb, 72 təmir-bərpa layihəsi təsdiqlənib. Hazırda 3 abidədə bərpa-konservasiya işləri aparılır, daha 3 abidə üzrə layihə-smeta sənədləri hazırlanır.
Daşınar mədəni irsin qorunması istiqamətində 880 eksponat bərpa-konservasiya edilib, 362 eksponat üzrə işlər davam etdirilir. Həmçinin 24 arxeoloji ekspedisiyanın aparılmasına icazə verilib, qazıntılar zamanı 636 artefakt aşkar olunub.
Bununla yanaşı, 3134 mədəni sərvətin ixracına dair mühafizə şəhadətnaməsi, 122 muzey əşyası və kolleksiyasının müvəqqəti ölkədən çıxarılmasına icazə verilib. İxracı nəzərdə tutulan 65 mədəni sərvət üzrə ekspertiza keçirilib.
2026-cı ilin ilk yarısında Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən muzey və qoruqları ümumilikdə 463 min 965 nəfər ziyarət edib. Onlardan 342 min 305 nəfəri muzeylərə, 121 min 660 nəfəri isə qoruqlara baş çəkib. Rəqəmsal platformalar vasitəsilə 138 min 718 bilet və ekskursiya xidməti satılıb.
Ən çox ziyarət edilən qoruq 63 min 906 ziyarətçi ilə Qobustan Milli Tarix-Bədii Qoruğu olub. Sonrakı yerləri Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu və Quba şəhərində yerləşən “Soyqırımı Memorial Kompleksi” tutub.
Qeyd olunub ki, hesabat dövründə rəqəmsallaşdırma, innovasiya, məlumatlara əsaslanan mühafizə və ictimai iştirakçılıq sahələrində həyata keçirilən fəaliyyətə görə Dövlət Xidməti nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən 5 beynəlxalq mükafata layiq görülüb.
