Bakı.Trend:
Yəməndəki husilər Qırmızı dənizdən keçən gəmilərdən keçid haqqının alınması imkanını nəzərdən keçirirlər.
Bu barədə “Reuters” agentliyi vəziyyətlə tanış olan regional mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, husilər Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan etdikdən bir həftə sonra Bab əl-Məndəb boğazından keçən kommersiya gəmiləri üçün rüsum tətbiq etməyi müzakirə edirlər.
Mənbələrin sözlərinə görə, İranın dəstəklədiyi qruplaşma Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirən bu strateji su yolundan istifadə edən əksər gəmilər üçün ödəniş tətbiq edilməsinin mümkünlüyünü araşdırır. Bununla belə, bu addımın nə vaxt həyata keçiriləcəyi hələ müəyyənləşdirilməyib. Bildirilir ki, Çin gəmiləri bu ödənişdən azad ediləcək.
