Bakı.Trend:
ABŞ və İran münaqişənin nizamlanması çərçivəsində İran iqtisadiyyatının inkişafı üçün investisiya fondu yaratmaq imkanını nəzərdən keçirirlər.
Trend xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Bir iranlı rəsmi və bir diplomat fondun həcmini 300 milyard dollar qiymətləndirir, lakin danışıqlarda vasitəçilik edən digər rəsmilər bu rəqəmləri təsdiqləmirlər”, — deyə NYT bildirir.
Nəşrin bildirdiyinə görə, iranlı dövlət qulluqçusu bunu yekun saziş imzalanacağı təqdirdə İrana vəd edilmiş “yenidənqurma proqramı” adlandırıb.
İran daha əvvəl danışıqlarda bombardmanlar nəticəsində dəyən ziyana görə reparasiyalar tələb edirdi və bəzi İran rəsmiləri bu zərəri 300 milyard dollardan 1 trilyon dollara qədər qiymətləndirirdilər.
İki diplomat qəzetə bildirib ki, söhbət tərəflər arasında yekun razılıq əldə olunacağı halda ABŞ-nin fəaliyyətinə yardım edəcəyi beynəlxalq investisiya fondundan gedir.
