Bakı. Trend:
Ağdərə rayonunun Canyataq kəndi yaxınlığında yerləşən “Dəmirli” Filiz Emalı Kompleksi ərazisində və Ağdam rayonunun Göytəpə kəndi ətrafında arxeoloji monitorinq və qazıntılar aparılıb.
Bu barədə Trend-ə AMEA-nın Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.
Məlumata görə, Canyataq ərazisində aparılan tədqiqatlar zamanı neolit dövrünə aid yaşayış yeri, zəngin saxsı nümunələri və osteoloji qalıqlar aşkar edilib. Alimlərin ehtimalına görə, bu ərazi qədim dövrdə oxra adlı təbii mineralın tədarükü və emalı üçün istifadə olunan düşərgə olub.
Eyni zamanda, “Dəmirli” ərazisində orta əsrlərə aid keramika nümunələri və tikili qalıqları da müəyyən edilib. İlkin müşahidələr burada keçmişdə müsəlman qəbiristanlığının mövcud olduğunu göstərir.
Göytəpə kəndi ərazisində isə İlk Tunc dövrünə aid geniş yaşayış yeri qeydə alınıb. Təxminən 4 hektar sahəni əhatə edən abidənin intensiv məskunlaşma mərkəzi olduğu bildirilir. Ərazidə antik dövrə aid mədəni təbəqə də aşkarlanıb.
Bundan başqa, Eyvazxanbəyli kəndi yaxınlığında 1924-cü ilə aid türbə də müəyyən edilib. Kitabəyə əsasən burada “Şamil bəy Salman bəy oğlu” dəfn olunub. Altıguşəli memarlıq üslubunda inşa edilən bu türbənin Azərbaycanın orta əsr memarlığında nadir nümunələrdən biri olduğu qeyd edilir.
Mütəxəssislər bildirirlər ki, aparılan tədqiqatlar Qarabağ bölgəsinin qədim tarix və mədəniyyət baxımından zənginliyini bir daha ortaya çıxarır
