Bakı. Trend:
Yeni Dövlət Proqramı kənd təsərrüfatında bir neçə əsas problemin həllinə yönəlir. Burada ən vacib məsələlər məhsuldarlığın artırılması, su və torpaq resurslarından səmərəli istifadə, emal sənayesinin genişləndirilməsi, fermerlərin bazara çıxış imkanlarının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsidir.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri” şöbəsinin müdiri, iqtisad elmləri doktoru Yunus Sadıqov Trend-ə açıqlamasında bildirib ki, real nəticələr qısa müddətdə tam görünməyə bilər. Onun sözlərinə görə, ilkin təsirlər 1–2 il ərzində, daha ciddi nəticələr isə proqramın orta mərhələsində, yəni 2028-ci ildən sonra daha aydın hiss oluna bilər:
"Rayonlar üzrə buğda məhsuldarlığında fərqlərin yaranmasının əsas səbəbləri bir amillə izah olunmur. Burada iqlim şəraiti, torpağın keyfiyyəti, suvarma imkanları, toxum materialı, texnika ilə təminat və fermerin aqrotexniki bilikləri birlikdə rol oynayır. Amma mənim fikrimcə, hazırkı şəraitdə suvarma və texnologiya amili daha həlledicidir. Eyni iqlim şəraitində belə müasir suvarma, keyfiyyətli toxum və düzgün aqrotexniki qulluq tətbiq olunan sahələrdə məhsuldarlıq daha yüksək olur".
Ekspert fermerlərin hazırda qarşılaşdığı problemlərə də diqqət çəkib. O qeyd edib ki, bu gün fermerlərin ən çox qarşılaşdığı çətinliklər suvarma suyuna çıxış, keyfiyyətli toxum və gübrələrin qiyməti, texnika və maliyyə imkanlarının məhdudluğu, məhsulun saxlanması və satışında yaranan problemlərlə bağlıdır:
"Bu problemlərin həlli üçün fermerlərə verilən dəstək yalnız subsidiya formasında deyil, həm də məsləhət xidməti, texnologiyaya çıxış, logistika, emal və bazar əlaqələri formasında genişləndirilməlidir.
Subsidiyalar məhsuldarlığa müsbət təsir göstərə bilər, amma təkbaşına subsidiya həmişə yüksək nəticə vermir. Əsas məsələ dəstəyin nəticəyə bağlı olmasıdır. Yəni fermer daha məhsuldar, keyfiyyətli və bazaryönümlü istehsala keçdikcə dövlət dəstəyi də onu stimullaşdırmalıdır. Mövcud mexanizmlərdə əsas boşluq bəzən dəstəyin real səmərəlilik və məhsuldarlıq göstəriciləri ilə kifayət qədər əlaqələndirilməməsidir".
Yunus Sadıqov qeyd edib ki, suvarma sistemi və torpaq problemləri məhsuldarlığa birbaşa təsir edir. Su çatışmazlığı, köhnəlmiş suvarma kanalları, torpaqların şoranlaşması və münbitliyin azalması kənd təsərrüfatında ciddi risklər yaradır. Bu istiqamətdə damcı və yağmurlama suvarma sistemlərinin genişləndirilməsi, torpaq analizlərinin aparılması, drenaj sistemlərinin yaxşılaşdırılması və su itkilərinin azaldılması vacibdir:
"Müasir texnologiyaların tətbiqi bölgələrdə məhsuldarlığın artmasına real təsir göstərə bilər. İntensiv əkinçilik, dəqiq əkinçilik texnologiyaları, rəqəmsal monitorinq, müasir texnika, keyfiyyətli toxum və düzgün gübrələmə sistemi fermerin həm məhsul həcmini, həm də gəlirini artıra bilər. Amma bunun üçün fermerlərin maarifləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Texnologiya verilir, amma ondan düzgün istifadə olunmursa, gözlənilən nəticə alınmır".
Ekspertin sözlərinə görə, Dövlət Proqramından əsas gözlənti yerli istehsalın güclənməsi, idxaldan asılılığın müəyyən məhsullar üzrə azalması və ərzaq təhlükəsizliyinin daha dayanıqlı təmin olunmasıdır. Bunun üçün taxılçılıq, yem bazası, tərəvəzçilik, meyvəçilik, heyvandarlıq, emal sənayesi və saxlama-logistika infrastrukturu prioritet istiqamətlər kimi inkişaf etdirilməlidir.
"Uzunmüddətli perspektivdə bu proqram regionlarda məşğulluğa və kənd sahibkarlığının inkişafına da müsbət təsir göstərə bilər. Çünki kənd təsərrüfatı yalnız məhsul istehsalı deyil, həm də emal, qablaşdırma, daşınma, satış və ixrac zənciridir. Bu zəncir inkişaf etdikcə kənd yerlərində yeni iş yerləri yaranır, ailə təsərrüfatlarının gəlirləri artır və regionların iqtisadi fəallığı güclənir. Əsas məsələ proqramın yerlərdə real icrası, fermerlər üçün əlçatan olması və nəticələrin davamlı şəkildə izlənməsidir", - ekspert vurğulayıb.
