Bakı. Trend:
Xankəndi şəhərində ötən əsrin sonlarında inşa edilən Mədəniyyət Mərkəzi əsaslı təmirdən sonra yenidən əhalinin ixtiyarına verilib.
Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, binada aparılan baxış zamanı divarlarda aşınma və müxtəlif zədələnmələr aşkarlandığından burada genişmiqyaslı yenidənqurma işləri həyata keçirilib. Əsaslı təmirdən sonra mərkəz müasir standartlara uyğun şəkildə yenidən qurularaq istifadəyə açılıb.
Üçmərtəbəli binada kino və səhnə fəaliyyəti, müxtəlif mədəni-kütləvi tədbirlərin təşkili, təlim və yaradıcılıq məşğələlərinin keçirilməsi, inzibati idarəetmə və turizmyönümlü xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb.
Mərkəzdə müxtəlif sahələr üzrə dərnəklərin fəaliyyət göstərəcəyi çoxfunksiyalı zona, qrim otaqları, akt və kino zalları, kassa, suvenir mağazası və buffet fəaliyyət göstərəcək.
Bundan əlavə, burada film nümayişləri, tamaşalar, təqdimatlar, konsertlər, rəsmi görüşlər və digər mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılıb. Mədəniyyət Mərkəzində 348 yerlik tamaşaçı zalı da fəaliyyət göstərəcək.
Qeyd olunub ki, mərkəzin fəaliyyəti Xankəndinin mədəni mühitinin canlandırılmasında mühüm rol oynayacaq və şəhərdə keçiriləcək kütləvi tədbirlərin əsas məkanlarından birinə çevriləcək.
