Bakı. Trend:
Elm və Təhsil Nazirliyi və “OpenAI” arasında adaptiv öyrənmə platformasının hazırlanması üzrə əməkdaşlığa başlanılıb.
Trend xəbər verir ki, platformanın “Rəqəmsal məktəb” layihəsi çərçivəsində hazırlanaraq tətbiq edilməsi nəzərdə tutulur.
Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "OpenAI" arasında imzalanan Anlaşma Memorandumu 500 mindən çox şagird üçün süni intellekt əsaslı adaptiv öyrənmə imkanlarının yaradılmasını nəzərdə tutur.
Platforma mövcud milli təhsil proqramına inteqrasiya olunaraq
süni intellekt əsaslı əlavə funksional alət kimi fəaliyyət
göstərəcək. Hazırlanacaq həll şagirdlərin fərdi şəkildə bilik və
bacarıqlarının diaqnostikasını aparmağa, dərs prosesində
fərdiləşdirilmiş tapşırıqlar təqdim etməyə, hər bir şagirdin
öyrənmə ehtiyaclarına uyğun süni intellekt əsaslı fərdi öyrənmə
dəstəyi göstərməyə imkan verəcək. Platforma həmçinin müəllimlər,
məktəb rəhbərləri və nazirlik üçün real vaxt rejimində fəaliyyət
göstəricilərini təqdim etməyə imkan yaradacaq.
Tətbiq ilkin mərhələdə pilot layihə formatında həyata keçiriləcək
və nəticələrə əsasən mərhələli şəkildə genişləndiriləcək.
Platformanın tətbiqi müəllim nəzarəti, milli kurikuluma uyğunluq,
davamlı qiymətləndirmə və məlumatların qorunması prinsipləri nəzərə
alınmaqla aparılacaq.
İmzalanma zamanı elm və təhsil naziri Emin Əmrullayev bildirib ki,
müəllim və şagirdlər üçün yeni süni intellekt alətlərindən səmərəli
istifadə imkanı yaratmaqla bu texnologiyalardan məsuliyyətli tətbiq
formalaşdırılır. “OpenAI” ilə əməkdaşlıq süni intellektin təhsilə
inteqrasiyasını dəstəkləyir və Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan
Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair
2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın prioritetləri ilə
uzlaşır.
“OpenAI”nin Təhsil və dövlət proqramları üzrə bazara çıxış rəhbəri
Kevin Mills isə qeyd edib ki, Azərbaycan süni intellektin təhsilə
tətbiqinə düşünülmüş və iddialı yanaşma nümayiş etdirir. “OpenAI”
ilə Elm və Təhsil Nazirliyinin tərəfdaşlığı güclü milli rəqəmsal
infrastruktur və şagirdlərlə müəllimlərin süni intellektdən praktik
və məsuliyyətli şəkildə istifadəsinə dəstək vermək öhdəliyi
üzərində qurulur. O, “OpenAI”nin API texnologiyaları əsasında
hazırlanacaq platformasının öyrənməyə dəstəyi, sinifdaxili
təcrübəni gücləndirəcəyi və şagirdlərin gələcək üçün vacib
bacarıqlarının formalaşmasına töhfə verəcəyi ilə bağlı araşdırması
barədə də danışıb.
Əməkdaşlıq çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və
“OpenAI” milli süni intellekt innovasiya ekosisteminin inkişafı
istiqamətində birgə fəaliyyət göstərəcək. Qeyd olunan istiqamətdə
hakatonların, “build days” formatlı tədbirlərin, eləcə də
strukturlaşdırılmış tədqiqat və inkişaf əməkdaşlığının təşkili
nəzərdə tutulur. Məqsəd Azərbaycanın süni intellekt əsaslı həllər
üzrə regional mərkəz kimi mövqeyini gücləndirməkdir.
