Bakı. Trend:
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq münaqişəsinin danışıqlar yolu ilə həllini istəmir, əksinə, başqa məqsədlər güdür.
Trend xəbər verir ki, bunu İranın Ali Liderinin hərbi müşaviri Möhsün Rzayi bildirib.
"Proqnozlaşdırıldığı kimi, ABŞ prezidenti üçüncü dəfə diplomatik səylərə xəyanət edib. Dəniz blokadasını davam etdirməklə və həddindən artıq şərtlər irəli sürməklə o, bir daha sübut etdi ki, danışıqlara meylli deyil, əksinə başqa məqsədlər güdür", - deyə Rzayi qeyd edib.
İran mediası yazır ki, Trampın İranla mümkün razılaşmanın təfərrüatları ilə bağlı açıqlamaları ABŞ-ni münaqişədə qalib kimi göstərməyə yönəlib.
Qeyd edilib ki, Tramp İranın Hörmüz boğazını açmağa və tranzit üçün rüsum almamağa razı olduğunu iddia edib, halbuki layihə sazişinin mətni fərqlidir. Bundan əlavə, Trampın İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarını məhv etməyə razılıq verdiyi iddiasının yalan olduğu bildirilib.
