DİA Özbəkistandan gələn dövlət qulluqçuları üçün təcrübə proqramına başlayıb (FOTO)

Cəmiyyət Materials 1 İyun 2026 11:36 (UTC +04:00)
DİA Özbəkistandan gələn dövlət qulluqçuları üçün təcrübə proqramına başlayıb (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət idarəçiliyi sahəsində qabaqcıl təcrübələrin paylaşılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası (DİA) tərəfindən beynəlxalq təlim və təcrübə proqramlarının icrası davam etdirilir.

Trend xəbər verir ki, 1 iyun– 7 iyun tarixlərində DİA tərəfindən Özbəkistan Respublikasının bir qrup dövlət qulluqçusu, Özbəkistan Respublikası Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyasının magistrantları – dövlət qulluqçuları üçün təlim - təcrübə proqramları təşkil olunacaq.

“Dövlət idarəçiliyində innovativ texnologiyalar” adlı təlim–təcrübə proqramının açılış mərasimində çıxış edən DİA-nın rektoru, akademik Urxan Ələkbərov Prezident İlham Əliyevin həyata keçirdiyi innovativ dövlət idarəçiliyi modelinin ölkənin davamlı inkişafında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, genişmiqyaslı rəqəmsallaşma, insan kapitalının inkişafı, ekoloji yanaşmanın gücləndirilməsi və innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması istiqamətində ardıcıl və sistemli islahatlar həyata keçirilir.

Bildirilib ki, həyata keçirilən bu siyasət nəticəsində Azərbaycan regionda innovativ inkişaf modelini uğurla tətbiq edən, müasir idarəçilik texnologiyalarından geniş istifadə edən və dövlət idarəçiliyində yeni yanaşmaları effektiv şəkildə tətbiq edən ölkələrdən birinə çevrilib.

Rektor qeyd edib ki, Azərbaycanın dövlət idarəçiliyi sahəsində əldə etdiyi təcrübə beynəlxalq səviyyədə maraq doğurur və DİA tərəfindən ayrı-ayrı dövlətlərin dövlət qulluqçuları üçün həyata keçirilən bu kimi təlim proqramları ölkələr arasında təcrübə mübadiləsinin genişlənməsinə, Azərbaycan Respublikasının dövlət idarəçiliyi modelinin öyrənilməsinə xidmət edir.

Urxan Ələkbərov DİA ilə Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyası arasında dərin əməkdaşlığın mövcud olduğunu, davamlı şəkildə dövlət idarəçiliyi, təhsil, elm sahələrində birgə tədbirlərin həyata keçirildiyini qeyd edib.

Daha sonra çıxış edən Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov qeyd edib ki, Özbəkistan və Azərbaycan arasında münasibətlər ortaq tarixə, mədəni köklərə və qarşılıqlı etimada əsaslanır.

O vurğulayıb ki, son illərdə dövlət başçıları Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksələrək yeni inkişaf mərhələsinə qədəm qoyub.

Səfir Azərbaycanın dövlət idarəçiliyi, rəqəmsal transformasiya və innovativ inkişaf sahələrində əldə etdiyi nailiyyətlərin Özbəkistanda böyük maraqla izlənildiyini qeyd edib. O bildirib ki, bu təlim proqramı iştirakçılara Azərbaycan təcrübəsini yaxından öyrənmək, yeni bilik və bacarıqlar əldə etmək, eyni zamanda iki qardaş ölkə arasında peşəkar əlaqələrin möhkəmləndirilməsinə töhfə vermək imkanı yaradacaq.

Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyasının Dövlət Qulluğu üzrə kadrların hazırlanması Mərkəzinin direktoru Sərvər İnoqamov tədbir iştirakçılarını salamlayaraq Özbəkistan və Azərbaycan arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

O qeyd edib ki, dövlət idarəçiliyi sahəsində təcrübə mübadiləsi, birgə təlim proqramları və akademik əməkdaşlıq Özbəkistan ilə Azərbaycan arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Özbəkistan Respublikasının Prezidenti yanında Dövlət Siyasəti və İdarəçiliyi Akademiyası arasında həyata keçirilən bu proqram dövlət qulluqçularının peşəkar inkişafına, müasir idarəetmə biliklərinin artırılmasına və iki ölkə arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edir.

Daha sonra Özbəkistandan gələn magistrant – dövlət qulluqçuları Bakıya xüsusi maraqla gəldiklərini, bu kimi proqramların davamlı olacaqlarından əminliklərini ifadə ediblər.

Xatırladaq ki, təlim proqramı çərçivəsində iştirakçılar üçün dövlət idarəçiliyində rəqəmsal transformasiya, qanunvericilik fəaliyyətində rəqəmsallaşma, turizm siyasəti, ekoloji idarəetmə, insan hüquqları, dövlət suverenliyi və beynəlxalq münasibətlər kimi mövzularda mühazirələr və təqdimatlar təşkil olunacaq. Həmçinin, proqram çərçivəsində Azərbaycan Respublikasının dövlət qurumlarına səfərləri nəzərdə tutulub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti