Bakı. Trend:
İranın nüvə silahı ardınca olmaması ilə əlaqədar iddianın təkrarlanması reallıqda hər hansı dəyişiklik yaratmayacaq.
Trend-in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai bu gün (1 iyun) Tehranda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, ümumiyyətlə İranın nüvə proqramı dinc məqsədli proqramdır və bununla əlaqədar İranın mövqeyi tamamilə aydındır.
Bəqai bildirib ki, İranın nüvə proqramı haqda əminliyin yaradılması ilə bağlı bütün lazımi mexanizmlər Hərtərəfli Birgə Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulmuşdu.
“Halbuki ABŞ tərəfi dəfələrlə İranın atom bombası təhlükəsinə dair iddianı təkrarlamaqdadır”, - deyə o qeyd edib.
Əlavə edək ki, 2015-ci ildə İran və 5+1 qrupu (ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya) arasında müzakirələr nəticəsində Hərtərəfli Birgə Fəaliyyət Planı üzrə sazişi əldə olunub. Saziş çərçivəsində BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnaməni qəbul edib. Bu qətnamə İran əleyhinə tətbiq olunan öncəki 6 qətnamələri və İranın nüvə proqramı ilə əlaqədar genişhəcmli sanksiyaların ləğvi ilə nəticələnib.
Qeyd edək ki, 28 sentyabr 2025-də BMT Təhlükəsizlik Şurası 2231 saylı qətnamə çərçivəsində İran əleyhinə BMT Təhlükəsizlik Şurasının digər qətnamələrini bərpa edib.
