Bakı.Trend:
Trans-Adriatik Qaz Kəməri kompressor stansiyalarının elektrikləşdirilməsi variantlarını nəzərdən keçirir.
Bunu TAP-ın idarəedici- direktoru Luka Skiepatti Bakı Enerji Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Karbonsuzlaşdırma məqsədlərinin təşviqindən danışan idarəedici direktor vurğulayıb ki, TAP öz infrastrukturunu aşağı karbonlu qazların potensial nəqlinə hazırlamaqla Avropanın enerji keçidinə töhfə verməyə sadiqdir.
“Eyni zamanda şirkət ümumi ekoloji izini azaltmaq üzərində fəal iş aparır. Bu səylərin əsas elementi TAP-ın öz əməliyyatlarının dekarbonizasiyasıdır və bu sahədə artıq əhəmiyyətli nəticələr əldə olunub və əlavə təkmilləşdirmələr planlaşdırılır. Bu işin əsas hərəkətverici qüvvəsi TAP-ın uzunmüddətli enerji keçidi strategiyasına uyğunlaşdırılmış Karbon Emissiyalarının İdarə Edilməsi Planının həyata keçirilməsidir. Birinci plan (2022–2025-ci illər) karbon qazı, metan və sızma emissiyaları daxil olmaqla bütün əməliyyatlar üzrə istixana qazları emissiyalarının azaldılmasına yönəlmiş geniş təşəbbüsləri əhatə edib. 2025-ci ilə qədər TAP əhəmiyyətli nəticələr əldə edərək ümumi istixana qazları emissiyalarını proqnozla müqayisədə 25 faizdən çox, metan emissiyalarını 50 faizdən çox, sızma emissiyalarını isə baza səviyyəsi ilə müqayisədə 85 faizdən çox azaltmağa nail olub”, – deyə o əlavə edib.
Skiepatti bildirib ki, əldə olunmuş nəticələrə əsaslanaraq TAP emissiyaların azaldılması və əməliyyat səmərəliliyinin daha da artırılması məqsədilə 2026–2030-cu illəri əhatə edən yeni Karbon Emissiyalarının İdarə Edilməsi Planını işə salıb.
“Bu səylər çərçivəsində TAP fəaliyyətinin karbonsuzlaşdırılması yönəlmiş hədəfli tədbirlər həyata keçirir. Bunlara sızma emissiyalarının azaldılması proqramları və bütün aktivlər üzrə enerji səmərəliliyinin artırılmasına yönəlmiş əməliyyat-optimallaşdırılması tədbirləri daxildir. Şirkət həmçinin mümkün genişləndirmə kontekstində kompressor stansiyalarının elektrikləşdirilməsi variantlarını nəzərdən keçirir, eləcə də emissiyaların monitorinqi və hesabatlılığı sistemlərini gücləndirir. Ən mühüm prioritetlərdən biri mövcud ən yaxşı texnologiya və təcrübələrin tətbiqi hesabına metan emissiyalarının azaldılmasıdır. Bu kontekstdə TAP BMT-nin Ətraf Mühit Proqramının (UNEP) himayəsi altında fəaliyyət göstərən “Oil and Gas Methane Partnership” (OGMP 2.0) təşəbbüsü çərçivəsində fəaliyyət göstərir. Bu proqram neft-qaz sektorunda metan emissiyalarının ölçülməsi, hesabatlılığı və azaldılması üzrə qlobal standartı müəyyənləşdirir və şirkət tam “qızıl standart” sertifikatını əldə etməyi qarşısına məqsəd qoyub”, - deyə idarəedici direktor vurğulayıb.
