Bakı. Trend:
İran hərbi əməliyyat zamanı ABŞ-ın zərbələri nəticəsində girişləri bağlanmış 18 böyük yeraltı raket anbarına girişi bərpa edib.
Trend-in məlumatına görə, bu barədə "CNN" televiziya kanalı peyk görüntülərinə istinadən xəbər verib.
Telekanalın məlumatına görə, İran bu bazalara aid tunellərin 69 girişindən 50-ni qazaraq açmağa nail olub. Ekspertlərin fikrincə, yeraltı arsenalardan sursatın sürətlə çıxarılması sayəsində İran indi İsrailə və Yaxın Şərqin digər ölkələrinə daha çox uzaqmənzilli raket buraxa bilər.
“Əgər döyüş əməliyyatları yenidən başlasa, İran istehsal dayandırılsa belə, buraxılış qurğuları və onları idarə edən heyətlər mövcud olduğu müddətdə raket buraxılışlarını davam etdirə biləcək”, - deyə telekanala Ceyms Martin Yayılmama Araşdırmaları Mərkəzinin elmi işçisi Sem Ler bildirib.
Onun fikrincə, “iranlıların hələ də malik olduqları raket ehtiyatlarından istifadə edərək buraxılış qurğularını təchiz etməyə heç nə mane olmur”.
Telekanal qeyd edib ki, ekspertlər İranın yeraltı anbarlarda təxminən 1000 raket saxladığına hesab edirlər.