Almaniya Azərbaycanın "yaşıl enerji" potensialında böyük imkanlar görür – Nargis Vik (MÜSAHİBƏ)

Yaşıl iqtisadiyyat Materials 1 İyun 2026 14:21 (UTC +04:00)
Almaniya Azərbaycanın "yaşıl enerji" potensialında böyük imkanlar görür – Nargis Vik (MÜSAHİBƏ)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniya və Azərbaycan enerji sahəsində çox güclü tərəfdaşlardır. Bu əməkdaşlıq yalnız ənənəvi enerji resurslarını deyil, həm də "yaşıl enerji" sahəsini əhatə edir.

Bunu Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK Azerbaijan) icraçı direktoru və İdarə Heyətinin üzvü Nargis Vik bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının aparıcı ölkələrindən biri kimi enerji keçidi prosesinə xüsusi diqqət yetirir və bu istiqamətdə geniş təcrübəyə malikdir.

"Biz Almaniya şirkətlərinin günəş, külək, geotermal və bioqaz enerjisi sahələrində topladığı təcrübəni Azərbaycana gətiririk. Palata olaraq məqsədimiz bu sahələrdə Almaniya və Azərbaycan arasında əməkdaşlığın inkişafına töhfə verməkdir. Sərgi çərçivəsində təşkil olunan Almaniya pavilyonunda şirkətlər öz texnologiya və həllərini təqdim edirlər", – deyə o bildirib.

Nargis Vik qeyd edib ki, Azərbaycan və Almaniya arasında xüsusilə günəş və külək enerjisi üzrə mərkəzləşdirilməmiş enerji istehsalı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur.

"Biz Azərbaycanda yeni tərəfdaşlar tapmaqda maraqlıyıq. Eyni zamanda, ikitərəfli əməkdaşlığın inkişafı üçün əlverişli hüquqi və iqtisadi mühitin formalaşdırılması da vacibdir", – deyə o vurğulayıb.

AHK Azerbaijan rəhbərinin sözlərinə görə, Xəzər Neft və Qaz Sərgisi ölkənin enerji sahəsində əsas tədbirlərindən biridir və artıq enerji keçidi üzrə mühüm platformaya çevrilməkdədir.

"Bu sərgidə əsas məqsədimiz Almaniya texnologiyalarını və enerji sektorunda tətbiq olunan innovativ həlləri nümayiş etdirmək, eləcə də enerji keçidi sahəsində konkret əməkdaşlıq layihələri üzrə razılıqlar əldə etməkdir", – deyə o əlavə edib.

Nargis Vik "yaşıl enerji" sahəsində əməkdaşlığın Avropa üçün strateji əhəmiyyət daşıdığını da qeyd edib.

"Avropa İttifaqı ölkələri "yaşıl enerji"nin inkişafında və müxtəlif mənbələrdən əldə olunmasında maraqlıdır. Azərbaycan isə yaşıl elektrik enerjisi istehsalı baxımından böyük potensiala malikdir. Bu səbəbdən biz Azərbaycanın Avropa enerji sisteminə inteqrasiyasına yönəlmiş təşəbbüsləri dəstəkləyirik", – deyə o bildirib.

Onun sözlərinə görə, AHK Azerbaijan Azərbaycanın Qara dəniz vasitəsilə Avropa İttifaqına elektrik enerjisi ixracını nəzərdə tutan yüksək gərginlikli elektrik kabeli layihəsinə də dəstək verir.

"Bu gün "Siemens Energy" şirkəti ‘’Green Corridor Alliance JV’’ ilə əməkdaşlıq haqqında memorandum imzalayıb. Palata olaraq biz də digər Avropa ölkələri ilə birlikdə bu layihəni dəstəkləyirik", – deyə Nargis Vik vurğulayıb.

O qeyd edib ki, memorandum sərgi çərçivəsində keçirilən tədbir zamanı imzalanıb və "Siemens Energy" də AHK Azerbaijan-ın üzvlərindən biridir.

Nargis Vikin sözlərinə görə, "Green Corridor Alliance JV" təşkilatı çoxtərəfli hökumətlərarası təşkilatdır və regionda "yaşıl enerji" layihələrinin inkişafında mühüm rol oynayır.

Xəbər lenti

Xəbər lenti