Süni intellekt quyularda hasilatı saatlıq proqnozlaşdıracaq

Telekommunikasiya Materials 1 İyun 2026 14:37 (UTC +04:00)
Süni intellekt quyularda hasilatı saatlıq proqnozlaşdıracaq
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Neft-qaz sənayesində süni intellektin tətbiqində əsas prioritet təhlükəsizlikdir və bu səbəbdən tam avtomatlaşdırılmış, qapalı dövrəli sistemlərə keçid mərhələli şəkildə həyata keçirilməlidir.

Trend xəbər verir ki, bunu "Caspian AI Institute"un maşın öyrənməsi üzrə meneceri Ülvi Zamanbəyov bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.

Onun sözlərinə görə, neft-qaz sektoru yüksək riskli sahə olduğundan burada səhvlərin qiyməti çox böyükdür və bütün qərarların mərkəzində təhlükəsizlik dayanmalıdır.

"Biz hər şeyi dərhal tam avtomatlaşdırmağa çalışmırıq. İlk növbədə sistemlərin təhlükəsizliyinə əmin olmaq, insan nəzarətini qorumaq və biznes tərəfinin proseslərdə maksimum iştirakını təmin etmək vacibdir. Yalnız bundan sonra daha geniş avtomatlaşdırmaya keçmək mümkündür", – deyə o bildirib.

Ü.Zamanbəyov qeyd edib ki, sənayedə əsas məqsəd reaktiv yanaşmadan proqnozlaşdırıcı və tövsiyəedici yanaşmaya keçiddir.

"Biz problemlər baş verdikdən sonra onları həll etmək əvəzinə, riskləri əvvəlcədən müəyyənləşdirmək, hasilatı proqnozlaşdırmaq və ən optimal fəaliyyət variantlarını təklif etmək istiqamətində çalışırıq", – deyə o vurğulayıb.

Onun sözlərinə görə, SOCAR-ın təşəbbüsü ilə yaradılmış "Caspian AI Institute" müxtəlif sahələr üzrə mütəxəssisləri bir araya gətirərək süni intellekt həllərinin hazırlanması üzərində işləyir.

"Komandamızda geoloqlar, kimya mühəndisləri, proqram təminatı və məlumat elmi üzrə mütəxəssislər fəaliyyət göstərir. Bu yanaşma biznes ehtiyaclarını və sahəyə xas xüsusiyyətləri daha yaxşı anlamağa imkan verir. Layihələrin hazırlanması zamanı istifadəçi tərəfinin nümayəndələrinin məhsul sahibi kimi prosesə cəlb olunması da mühüm əhəmiyyət daşıyır", – deyə Ü.Zamanbəyov bildirib.

O əlavə edib ki, institut ayrı-ayrı problemlərin həllindən daha çox, şirkət üzrə geniş istifadə oluna bilən miqyaslana bilən məhsulların yaradılmasına üstünlük verir.

Panel zamanı təqdim edilən layihələrdən biri də hazırda SOCAR ilə birgə hazırlanmaqda olan "Virtual Flow Meter" sistemi olub.

Ü.Zamanbəyovun sözlərinə görə, bu layihə quyularda hasilatın daha dəqiq qiymətləndirilməsi üçün "yumşaq sensor" (soft sensor) texnologiyasına əsaslanır.

"Əvvəllər bir çox hallarda quyunun hasilatı ayda bir dəfə ölçülür və həmin göstəricinin bütün ay ərzində dəyişməz qaldığı qəbul edilirdi. Halbuki hasilat davamlı olaraq dəyişir. "Virtual Flow Meter" sistemi təzyiq, temperatur və tənzimləyici avadanlıqların göstəriciləri kimi yüksək tezlikli məlumatlardan istifadə edərək hasilatı saatlıq və ya gündəlik əsasda proqnozlaşdırmağa imkan verir", – deyə o qeyd edib.

Onun sözlərinə görə, bu yanaşma hasilat proseslərinin daha dəqiq monitorinqinə, qərar qəbuletmənin təkmilləşdirilməsinə və əməliyyat səmərəliliyinin artırılmasına şərait yaradır

Məqalədə:

Xəbər lenti

Xəbər lenti