Bakı.Trend:
Azərbaycan qaz təchizatını artırmağa və Cənub Qaz Dəhlizini genişləndirməyə hazırdır, lakin bunun üçün qazın alınmasına dair uzunmüddətli müqavilələr və genişləndirmə layihəsinin maliyyələşdirilməsi tələb olunur.
Trend xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Həftəsi çərçivəsində keçirilən "Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi" adlı sessiyasında deyib.
Onun sözlərinə görə, şirkətin əsas prioriteti regiondakı müştərilərin etibarlı və dayanıqlı enerji təchizatının təmin edilməsi və regional enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verməkdir.
R.Nəcəf qeyd edib ki, ötən illə müqayisədə qaz tədarükünün coğrafiyası genişlənib.
“Hazırda bu coğrafiyaya təkcə Avropa, Gürcüstan və Türkiyə deyil, həm də Azərbaycan qazının tədarük edildiyi Suriya daxildir. Tərəfdaşlarımız davamlı əsaslarla əlavə qaz həcmlərinin alınmasında maraqlıdırlar. Mövcud şəraitdə Azərbaycan qazı regionda ən etibarlı təchizat mənbələrindən biridir”, – deyə o bildirib.
SOCAR prezidenti vurğulayıb ki, şirkət tərəfdaşları ilə birlikdə regional bazarlara tədarük olunan qaz həcmlərinin artırılması üçün istehsalat planlarının həyata keçirilməsi üzərində çalışır.
Onun sözlərinə görə, prioritet istiqamətlərdən biri də Avropaya qaz tədarükünün artırılması məqsədilə Cənub Qaz Dəhlizinin genişləndirilməsidir.
“Biz daha çox qaz tədarük etməyə və genişlənməyə hazırıq. Lakin bunun üçün Avropadakı tərəfdaşlarımızın uzunmüddətli qaz alışı müqavilələri və bu genişləndirmə layihəsinin maliyyələşdirilməsi formasında əməkdaşlığına və öhdəliklərinə ehtiyacımız olacaq”, – deyə Nəcəf bildirib.
