Bakı. Trend:
SOCAR neft-qaz şirkətindən qlobal enerji və texnologiya şirkətinə çevrilir.
Trend xəbər verir ki, bunu Rövşən Nəcəf Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, enerji sektorunda fəaliyyət göstərən şirkətlər ənənəvi neft-qaz biznes modelindən daha geniş fəaliyyət sahələrinə keçid edirlər və bu transformasiya gələcək inkişafın əsas istiqamətlərindən biridir.
R.Nəcəf bildirib ki, əvvəllər şirkətlər əsasən neft-qaz aktivləri ilə xarakterizə olunurdusa, hazırda onlar enerji şirkətlərinə çevrilərək neft, qaz və digər enerji məhsulları sahəsində fəaliyyət göstərirlər.
"Bizim və enerji sektorundakı bir çox şirkətin növbəti inkişaf mərhələsi süni intellekt və məlumat mərkəzləri sahəsinə daxil olmaqdır. Bu, sektorun təbii inkişaf istiqamətidir. Uzunmüddətli və dayanıqlı inkişafı təmin etmək məqsədilə məlumat mərkəzlərinə və süni intellekt mərkəzlərinə investisiyalar yatırırıq. Dünən imzalanan müqavilələrdən biri də Azərbaycanda məlumat mərkəzi və süni intellekt mərkəzinin yaradılması ilə bağlı idi", - deyə o qeyd edib.
SOCAR prezidentinin sözlərinə görə, şirkətin fəaliyyəti artıq yalnız Azərbaycanla məhdudlaşmır və müxtəlif ölkələrdə həyata keçirilən investisiyalar onun qlobal oyunçuya çevrilməsinə şərait yaradır.
"Bu, SOCAR-ın yalnız neft şirkətindən enerji, texnologiya və məlumat infrastrukturu sahələrini birləşdirən çoxşaxəli şirkətə çevrilməsi prosesidir", - deyə o vurğulayıb.
R.Nəcəf əlavə edib ki, transformasiya prosesi şirkətin insan kapitalı siyasətinə də təsir göstərir. Belə ki, əvvəllər əsasən yerli kadrların çalışdığı SOCAR-da hazırda xarici mütəxəssislərin sayı artır, şirkətin müxtəlif ölkələrdəki törəmə müəssisələrində rəhbər vəzifələrə beynəlxalq təcrübəyə malik peşəkarlar cəlb olunur.
Onun sözlərinə görə, bu tendensiya SOCAR-ın beynəlxalq insan kapitalına malik qlobal enerji şirkətinə çevrilməsinin göstəricisidir.
