Bakı. Trend:
Qaz sızmalarının aşkarlanması və flərin (məşəl qazı) azaldılması üzrə həyata keçirilən layihələr metan emissiyalarının minimuma endirilməsində mühüm rol oynayır.
Trend xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin bərpa olunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.
Onun sözlərinə görə, İtaliyada həyata keçirilən Tempa Rossa layihəsi çərçivəsində yaradılan qazın bərpası sistemi sayəsində flərin tamamilə dayandırılması və qazın daxili bazarda istifadəsi təmin olunub. Bu təcrübə emissiyaların azaldılması baxımından uğurlu nümunə kimi qiymətləndirilir.
Ç.Orucov bildirib ki, metan sızmalarının aşkarlanması və ölçülməsi sahəsində SOCAR ilə əməkdaşlıq çərçivəsində OGMP proqramı həyata keçirilir. Bu proqram çərçivəsində dron texnologiyasından istifadə olunaraq neft-qaz obyektlərində uçuşlar həyata keçirilir və sızmaların həm yeri, həm də həcmi dəqiq müəyyən edilir.
Onun sözlərinə görə, bu il sərgi çərçivəsində nümayiş etdirilən dronlar ötən dövrdə SOCAR-ın “Neft Daşları” və “Abşeron” yataqlarındakı obyektlərində də tətbiq olunub və müsbət nəticələr əldə edilib.
Şirkət nümayəndəsi qeyd edib ki, emissiyaların azaldılması üçün ilk mərhələdə sızmaların dəqiq müəyyənləşdirilməsi vacibdir, çünki mənbə bilinmədikdə onların aradan qaldırılması mümkün olmur. Onun sözlərinə görə, bir çox sızmaların aradan qaldırılması texniki baxımdan asan olsa da, onların vaxtında aşkar edilməməsi problem yaradır.
Ç.Orucov əlavə edib ki, həyata keçirilən ölçmə və monitorinq kampaniyaları emissiyaların idarə olunması və azaldılması baxımından yüksək səmərə verir.
