Bakı. Trend:
Emissiyaların azaldılması üzrə milli səviyyədə müəyyən edilən yeni hədəflər SOCAR-ın dekarbonizasiya strategiyasının ölkə üzrə prioritetlərlə uyğunlaşdırılmasına səbəb olub.
Trend xəbər verir ki, bunu SOCAR-ın vitse-prezidentinin müavini
Hikmət Abdullayev bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər
Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel
müzakirələrində deyib.
Onun sözlərinə görə, bu il Ekologiya və Təbii Sərvətlər Nazirliyi
tərəfindən hazırlanaraq təqdim edilən yeni milli müəyyən edilmiş
töhfələr (NDC) sənədi ölkə üzrə emissiyaların azaldılması
istiqamətində olduqca iddialı hədəflər müəyyən edir.
SOCAR rəsmisi bildirib ki, şirkət bu sənədi təhlil edərək öz
emissiya azaldılması və dekarbonizasiya hədəflərini dövlət
səviyyəsində müəyyən edilən məqsədlərlə uyğunlaşdırmağa başlayıb.
Onun sözlərinə görə, SOCAR ölkənin emissiya izində ən böyük paya
malik şirkətlərdən biri olduğu üçün bu uyğunlaşma xüsusi əhəmiyyət
daşıyır.
H.Abdullayev qeyd edib ki, əsas məqsəd enerji təchizatının
dayanıqlılığını və təhlükəsizliyini təmin etməklə yanaşı,
emissiyaların mərhələli şəkildə azaldılmasıdır.
"Artan tənzimləmələr və sərtləşən standartlar əvvəllər yalnız planlaşdırma mərhələsində olan təşəbbüslərin artıq praktik icra mərhələsinə keçməsini zəruri edir. Yaxın onillikdə SOCAR özünü enerji şirkətinə transformasiya etməyi hədəfləyir və bu prosesdə həm istehsalın sabitliyi, həm də emissiya göstəricilərinin yaxşılaşdırılması paralel şəkildə həyata keçirilir".
O əlavə edib ki, son illərdə dekarbonizasiya yanaşması SOCAR-ın gündəlik əməliyyatlarına inteqrasiya olunur və bu yanaşma artıq şirkət daxilində “adi biznes fəaliyyəti” kimi qəbul edilir. "Bununla yanaşı, mövcud istehsalın qorunması, enerji portfelinin diversifikasiyası və əsas fəaliyyətlərin dekarbonizasiyası istiqamətində davamlı işlər aparılır", - o qeyd edib.
