Bakı. Trend:
"TotalEnergies" "Abşeron" yatağında enerji təchizatının tam inkişaf mərhələsində yeni həllərin tətbiqini planlaşdırır, eyni zamanda mövcud hasilat obyektlərinin elektriklə təmin edilməsi üzrə də iddialı layihələr üzərində işləyir.
Trend xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin bərpa olunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.
O bildirib ki, neft-qaz aktivlərinin elektrikləşdirilməsi və bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi emissiyaların azaldılması və xərclərin optimallaşdırılması baxımından yüksək səmərə verir.
Ç.Orucov bildirib ki, hazırda Ceyran adasında elektrik enerjisinin istehsalı və onun “Neft Daşları” yatağına ötürülməsi imkanları araşdırılır və bununla bağlı texniki-iqtisadi əsaslandırmalar aparılır.
Onun sözlərinə görə, xüsusilə bərpa olunan enerji mənbələri ilə elektrikləşdirmə Azərbaycan üçün real və perspektivli istiqamətdir, çünki ölkədə artıq bir sıra yaşıl enerji layihələri enerji şəbəkəsinə inteqrasiya olunur və bu da ümumi emissiya göstəricilərinin azalmasına səbəb olacaq.
"Şəbəkə elektrik enerjisinin yaxın gələcəkdə daha aşağı emissiyalı olması gözlənilir və bu, həm əməliyyat xərclərinin azalmasına, həm də karbon izinin minimuma endirilməsinə imkan verəcək.
Onun sözlərinə görə, onşor obyektlərin şəbəkəyə çıxışı genişləndikcə aşağı emissiyalı enerji əldə etmək daha asan olacaq və bu da sahədə ciddi çətinliklərin aradan qalxmasına şərait yaradacaq", - o əlavə edib.
