Bakı. Trend:
Metan emissiyalarının azaldılması, enerji səmərəliliyinin artırılması və aktivlərin elektrikləşdirilməsi şirkətlər üçün qısa müddətdə ən effektiv nəticə verən əsas istiqamətlərdəndir.
Trend xəbər verir ki, bunu "TotalEnergies" şirkətinin bərpa olunan enerji üzrə baş biznes inkişafı mütəxəssisi Çingiz Orucov bu gün Bakıda keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi çərçivəsində təşkil olunan panel müzakirələrində deyib.
O bildirib ki, metanın atmosferə buraxılmasının qarşısının alınması və qaz sızmalarının aradan qaldırılması qlobal istiləşməyə təsir baxımından yüksək prioritet daşıyır və bu sahə qısa müddətdə ölçülə bilən nəticələr əldə etməyə imkan verir.
“İlk növbədə metan emissiyaları ilə bağlı tədbirlər prioritet olmalıdır. Bununla yanaşı, aktivlərin elektrikləşdirilməsi, xüsusilə onşor obyektlərdə, tez nəticə verən mühüm addımlardandır”, – deyə o qeyd edib.
Ç.Orucov əlavə edib ki, enerji səmərəliliyi də əsas istiqamətlərdən biridir və bu məqsədlə şirkətlər tərəfindən enerji səmərəliliyi üzrə fəaliyyət planları icra olunur.
Onun sözlərinə görə, "TotalEnergies" 2023–2025-ci illər ərzində bütün aktivlər üzrə enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi üçün təxminən 2 milyard ABŞ dolları məbləğində investisiya həyata keçirir. Bu layihələrə mühərriklərin daha səmərəli avadanlıqlarla əvəzlənməsi və generatorların modernləşdirilməsi daxildir.
Şirkət nümayəndəsi həmçinin bildirib ki, metan emissiyaları üzrə 2025-ci ildə 2021-ci illə müqayisədə 65 faiz azalma əldə olunub və 2030-cu ilə qədər bu göstəricinin 80 faizə çatdırılması hədəflənir. Onun sözlərinə görə, bu məqsədin icrası real və əldə edilə bilən hesab olunur.
