Bakı. Trend:
Mövcud geosiyasi gərginliklər və münaqişələr qlobal enerji bazarına və enerji axınlarına birbaşa təsir göstərir. Bu şəraitdə şirkətlər dayanıqlılığını artırmalı, yüksək qeyri-müəyyənlik fonunda aydın seçimlər etməli və qətiyyətli qərarlar qəbul etməlidirlər.
Trend xəbər verir ki, bunu "Deloitte" şirkətinin Strategiya və Əməliyyatlar üzrə tərəfdaşı Alexios Zachariadis Bakı Enerji Həftəsinin ikinci günündə keçirilən panel müzakirəsində deyib.
Onun sözlərinə görə, neft-qaz sektorunda uğur qazanan şirkətlər aşağı maya dəyərinə, aşağı karbon intensivliyinə malik yataqlara üstünlük verən, etibarlı təchizat təmin edən və bazarlara geniş çıxış imkanlarına sahib olanlar olacaq.
"Qeyri-müəyyən dövrlərdə etibarlılıq mühüm kommersiya üstünlüyünə çevrilir. Qaz və LNG bazarında isə alıcılar daha çevik portfellərə, öhdəliklərini etibarlı şəkildə yerinə yetirə bilən, kifayət qədər saxlama gücü, nəqliyyat çevikliyi və şaxələndirilmiş təchizat imkanları təqdim edən tərəfdaşlara üstünlük verəcəklər", – deyə o qeyd edib.
A.Zachariadis bildirib ki, downstream seqmentində inkişaf yalnız yeni güclərin yaradılması demək deyil. Burada əsas məsələ emal aktivlərinin, neft-kimya məhsullarının, aviasiya yanacaqlarının və xüsusi təyinatlı məhsulların vahid portfel çərçivəsində inteqrasiyası və əlavə dəyər yaradılmasıdır.
O vurğulayıb ki, bu dəyər təkcə daxili bazarlarda deyil, regional və qlobal təchizat zəncirlərində də formalaşa bilər. Bu baxımdan investisiyalar şirkətlərin rəqabət üstünlüyü yarada biləcəyi sahələrə yönəldilməlidir.
"Dekarbonizasiya da diqqətdən kənarda qalmamalıdır. Enerji və karbohidrogen sistemlərinin karbonsuzlaşdırılması, yeni texnologiyaların tətbiqi, karbon tutma və saxlanılması mərkəzlərinin yaradılması, eləcə də kommersiya baxımından səmərəli tələbin mövcud olduğu yerlərdə hidrogen klasterlərinin inkişafı mühüm əhəmiyyət daşıyır", – deyə o əlavə edib.
A.Zachariadisin fikrincə, gələcəyin qalibləri kommersiya intizamını qoruyan, geosiyasi risklərə qarşı dayanıqlı olan və dəyişən şəraitə çevik uyğunlaşa bilən şirkətlər olacaq.
