Bakı.Trend:
1-2 iyun tarixlərində Bakı Konqres Mərkəzində Bakı Enerji Həftəsinin aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumu öz işinə başlayıb. Forum enerji sahəsinin əsas iştirakçılarını, aparıcı beynəlxalq ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini, müxtəlif ölkələrin hökumət strukturlarını, investorları və biznes nümayəndələrini hər il bir araya gətirərək, qlobal enerji bazarının gələcək inkişaf istiqamətlərinin müzakirəsi üçün mühüm platforma yaradır.
Bu barədə Trend məlumat verir.
Bakı Enerji Forumuna Azərbaycan Respublikasının Energetika Nazirliyi dəstək göstərir, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) isə baş tərəfdaş qismində çıxış edir. Tədbir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) tərəfindən dəstəklənir. OPEC-in Baş katibi Haysam Əl-Qays “Baku Energy Week 2026”nın iştirakçılarına salamlama məktubu ünvanlamış və Forumun da əhəmiyyəti diqqətə çatdırmışdır.
Bakı Enerji Forumuna əlaqədar dövlət strukturlarının, enerji sahəsində fəaliyyət göstərən irimiqyaslı şirkətlərin rəhbər şəxsləri, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin başçıları qatılır. Bu il də Bakı Enerji Forumunda yüksək rütbəli qonaqlar iştirak edir.
Bakı Konqres Mərkəzində təşkil edilən forumda ümumilikdə 600-dən çox nümayəndə iştirak edir. İştirakçılar siyahısına Azərbaycanla yanaşı, Almaniya, ABŞ, BƏƏ, Böyük Britaniya, Çin, Estoniya, Fransa, İsveçrə, İtaliya, Macarıstan, Niderland, Norveç, Rumıniya, Rusiya, Səudiyyə Ərəbistanı, Türkiyə, Yaponiya və digər ölkələrdən olan şirkətlər daxildir. Bu il forumun proqramında 60-dək spiker yer alır.
Bakı Enerji Forumunun ilk günündə Azərbaycan Respublikasının Energetika Naziri Pərviz Şahbazovun sədrliyi ilə “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq” mövzusunda nazirlər səviyyəsində sessiya təşkil olunub. Forum çərçivəsində baş tutan “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada əsas məruzəçi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfdir.
Bakı Enerji Forumunun beynəlxalq enerji gündəliyində mühüm platformaya çevrilməsi və tədbirə göstərilən yüksək etimad nəticəsində bu il də aparıcı beynəlxalq təşkilatlar və dövlət qurumları öz xüsusi tədbir və sessiyalarını məhz forum çərçivəsində təşkil etmişlər. Bu, Forumun qlobal enerji dialoqu, regional əməkdaşlıq və strateji təşəbbüslərin müzakirəsi üçün mühüm platforma kimi rolunu bir daha təsdiqləyir.
Forumun gündəliyi olduqca zəngindir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlər, layihə təqdimatları, xüsusi sessiyalar və yanaşı forumlar keçirilir. Beynəlxalq Bərpa Olunan Enerji Agentliyi (IRENA) tərəfindən İnvestisiya Forumu keçirilir. Bu tədbir regiondakı layihələrin maliyyələşdirilməsi üçün əsas platformalardan biridir. Forum çərçivəsində “Nazirlər arasında Dialoq: Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidi” mövzusunda sessiya və potensialın artırılmasına dair müzakirələr keçirilir.
Bununla yanaşı, Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən “Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi” və İqtisadi Əməkdaşlıq Təşkilatı Təmiz Enerji Mərkəzi tərəfindən “Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: davamlı gələcək üçün həllərin genişləndirilməsi” sessiyalarının keçirilməsi nəzərdə tutulub.
Qeyd etmək lazımdır ki, forumun ilk günündə D-8 Üzv
Dövlətlərinin Enerji Nazirlərinin 1-ci görüşü keçirilir.
Builki forum enerji sektorunun aktual çağırış və imkanlarını əhatə
edən geniş və çoxşaxəli gündəmlə keçirilir. Forumun proqramı ilə
ətraflı rəsmi internet səhifəsində (https://bakuenergyforum.az/az/forum-programme) tanış
olmaq mümkündür.
Eyni zamanda Bakı Enerji Forumu zamanı ikitərəfli işgüzar görüşlər (B2B və B2G) keçirilir. Müxtəlif dövlət qurumları və beynəlxalq şirkətlərin təmsilçiləri üçün ayrıca görüşlər təşkil olunur.
