Bakı.Trend:
Azərbaycan etibarlı enerji təchizatçısı və mühüm strateji aktor kimi çıxış edir.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Bakı Enerji Həftəsi çərçivəsində keçirilən “Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq”adlı nazirlərin plenar sessiyasında bildirib.
Onun sözlərinə görə, bu platforma zamanla enerji təhlükəsizliyi sahəsində iri transmilli layihələrin inkişafına töhfə verib.
“Bu gün isə o, yaşıl enerji sahəsində tərəfdaşlıqlar və Azərbaycanın investor kimi artan rolu sayəsində yeni mərhələyə qədəm qoyub. Dünya üzrə neft və mayeləşdirilmiş təbii qaz (LNG) təchizatının təxminən beşdə birinin pozulması və ümumi tədarük həcminin 13 faiz azalması ilə müşayiət olunan Hörmüz boğazında baş verən böhran, bu gün əsas prioritetin təhlükəsiz və etibarlı təchizat olduğunu nümayiş etdirdi.
Bu kontekstdə, dəyər zəncirlərində baş verən pozuntular, tranzit marşrutlarının dəyişməsi və artan qeyri-müəyyənlik fonunda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın strateji əhəmiyyəti artmaqda davam edir. Xəzər dənizini Qara, Aralıq və Adriatik dənizləri ilə sabit marşrutlar vasitəsilə birləşdirərək, Azərbaycan etibarlı enerji təchizatçısı və Xəzər regionunu Orta Dəhlizin əsas logistika və kommunikasiya mərkəzinə çevirən mühüm strateji aktor kimi çıxış edir”, – deyə nazir bildirib.
