Bakı.Trend:
Türkiyə özünün “yaşıl” enerji şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini planlaşdırır.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Mərkəzi Asiyada bərpa olunan enerji mənbələri əsasında enerji keçidinin təşviqinə dair nazirlər dialoqunda bildirib.
“2035-ci ilədək günəş və külək enerjisi üzrə ümumi generasiya gücünü 120 QVt-a çatdırmağı planlaşdırırıq. Buraya 5 QVt gücündə dəniz külək elektrik stansiyaları da daxildir. Bu qədər böyük həcmdə enerji və generasiya gücünün enerji sisteminə təhlükəsiz və dayanıqlı şəkildə inteqrasiyası üçün ötürücü infrastruktur sahəsində iri investisiyalar tələb olunur. Bu məqsədlə Türkiyə özünün ‘yaşıl’ enerji şəbəkəsinin genişmiqyaslı modernləşdirilməsini həyata keçirməyi planlaşdırır”, – deyə o bildirib.
Bayraktar qeyd edib ki, ümumi gücü 40 QVt olan təxminən 15 000 kilometr uzunluğunda HVDC (yüksək gərginlikli sabit cərəyan) xətlərinin, eləcə də əlavə 15 000 kilometr ənənəvi dəyişkən cərəyan ötürücü xətlərinin tikintisi nəzərdə tutulur.
