Bakı. Trend:
Qırğızıstanda günəş və külək enerjisinin inkişafı üçün əlverişli şərait var.
Trend-in məlumatına görə, bu barədə Qırğızıstanın energetika naziri Taalaybek İbrayev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən Mərkəzi Asiyada bərpa olunan enerji mənbələrinə əsaslanan enerji keçidinin təşviqi üzrə nazirlər dialoqunda bildirib.
"Əhəmiyyətli bərpa olunan enerji potensialına malik Qırğızıstan Respublikası ölkənin enerji sektorunun təməlini təşkil edən su elektrik stansiyasına diqqət yetirir. Eyni zamanda, ölkədə günəş və külək enerjisinin, eləcə də digər ekoloji cəhətdən təmiz texnologiyaların inkişafı üçün əlverişli şərait var. Biz əminik ki, Mərkəzi Asiya dövlətləri arasında sıx əməkdaşlıq olmadan bu potensialdan səmərəli istifadə mümkün deyil", - deyə o bildirib.
İbrayev qeyd edib ki, region ölkələri ortaq su ehtiyatlarına, bir-biri ilə əlaqəli enerji sistemlərinə və ortaq davamlı inkişaf məqsədlərinə malikdir.
"Dövlətlərarası enerji əlaqələrinin gücləndirilməsi enerji təchizatının etibarlılığını artıracaq, enerji ehtiyatlarından istifadəni optimallaşdıracaq və təmiz, ekoloji cəhətdən təmiz elektrik enerjisi ticarəti üçün şərait yaradacaq", - deyə nazir vurğulayıb.
