"Rəqəmsal Məktəb" layihəsi 1 milyon şagirdi əhatə edəcək

Cəmiyyət Materials 1 İyun 2026 18:55 (UTC +04:00)
"Rəqəmsal Məktəb" layihəsi 1 milyon şagirdi əhatə edəcək
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu günədək "Rəqəmsal Məktəb" platforması Bakı şəhəri üzrə yarım milyona yaxın şagirdi əhatə edib. Növbəti tədris ilindən isə layihə regionların iri şəhərlərini də əhatə edəcək.

Bunu Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəhbəri Vüsal Xanlarov Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, növnəti tədrisi ilində əlavə olaraq daha yarım milyon şagird platformadan faydalanmaq imkanı əldə edəcək:

"Beləliklə, "Rəqəmsal Məktəb" layihəsi ümumilikdə 1 milyona yaxın şagirdi əhatə edən genişmiqyaslı rəqəmsal təhsil platformasına çevriləcək. Yaxın günlərdə layihənin tətbiq olunacağı şəhərlərlə bağlı ətraflı məlumat ictimaiyyətə təqdim ediləcək. Layihənin genişləndirilməsi təhsil sistemində digər süni intellekt əsaslı həllərin tətbiqi üçün də əlverişli zəmin yaradacaq. Hazırda məktəblərdə kompüter və şagird nisbəti təxminən 1:6 səviyyəsindədir ki, bu da rəqəmsal təhsil alətlərinin tətbiqi üçün kifayət qədər uyğun göstərici hesab olunur", - o, qeyd edib.

Vüsal Xanlarov həmçinin vurğulayıb ki, şagirdlərin süni intellektdən süi-istifaə etməməsi üçün tədris prosesi dəyişməlidir:

“Təəssüf ki, bəzi hallarda şagirdlərin tapşırıqları süni intellekt alətlərinə təqdim edərək hazır cavablardan istifadə etdiklərini müşahidə edirik. Gələcəkdə bu kimi halların qarşısının alınmasının əsas yolu təhsil prosesinin yenilənməsidir. Tədris prosesi elə qurulmalıdır ki, müəllim və şagird arasında münasibətlər yalnız bilik ötürülməsinə deyil, araşdırma, təhlil və müzakirə bacarıqlarının inkişafına xidmət etsin. Süni intellekt alətləri istifadəçilərə böyük həcmdə məlumatı qısa müddətdə təhlil etmək, müxtəlif mənbələrdən informasiyanı ümumiləşdirmək və nəticələr əldə etmək imkanı yaradır. Bu texnologiyalardan səmərəli istifadə edən şagirdlərdə öz fikirlərini daha aydın və əsaslandırılmış şəkildə ifadə etmək bacarığı da formalaşır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti